Rusiyada icarədə olan avtomobillərdən benzin oğurlayan şəxsə ağır cəza verilib.
Musavat.com xəbər verir ki, Moskva vilayətində Arsanali Cangişiyev benzin oğurluğu və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 2 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Məlumata görə, o, ötən il iki dəfə icarədə olan avtomobillərdən ümumilikdə 98 litr benzin boşaldaraq xidmət şirkətlərinə təxminən 5 min rubl ziyan vurub.
Araşdırma zamanı müəyyən edilib ki, Cangişiyev bununla yanaşı, Domodedovo şəhərində bir neçə dəfə sərxoş vəziyyətdə avtomobil idarə edib.
Məhkəmənin hökmü ilə o, 2 il 6 ay azadlıqdan məhrum edilib, 3 il müddətinə sürücülük hüququndan məhrum olunub. Bundan əlavə, ona məxsus BMW markalı avtomobil də dövlət nəfinə müsadirə edilib.
Xatırladaq ki, Rusiyada iyulun ilk on günündə AI-92 markalı benzinin qiyməti illik müqayisədə 20%, AI-98 markalı benzinin qiyməti isə 24% artıb. Dizel yanacağı da eyni dövrdə 11% bahalaşıb.
Musavat.com






