İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizi sürətlə kiçilir - 30 ildə Albaniya boyda ərazi yox olub

521 15.07.2026 12:50 Sosial A A

Rusiyalı alimlərin apardıqları yeni tədqiqat Xəzər dənizində baş verən ekoloji dəyişikliklərin gözləniləndən daha ciddi miqyas aldığını göstərib. Araşdırmaya görə, son 30 ildə Xəzər dənizinin səth sahəsi 28 min kvadrat kilometrdən çox azalıb və dənizin səviyyəsi tarixi minimum həddi də keçərək rekord aşağı göstəriciyə enib.
Tədqiqat 1993–2025-ci illəri əhatə edir və Rusiya Elm Fondunun qrantı ilə həyata keçirilib. Nəticələr "Yerin Kosmik Məsafədən Zondlamasının Aktual Problemləri" elmi jurnalında dərc olunub. Alimlər Landsat-5, Landsat-7 və Landsat-8 peyklərinin 30 metrlik fəza ayırdetməsinə malik məlumatlarını təhlil edərək Xəzər dənizinin və Qaraboğazgöl körfəzinin müasir hipsometrik xəritələrini hazırlayıblar. Araşdırma göstərir ki, 1996-2025-ci illər ərzində Xəzər dənizinin səth sahəsi 28 644 kvadrat kilometr azalıb. Bu, 30 il əvvəlki ümumi səth sahəsinin 7,4 faizi deməkdir. Mütəxəssislər bildirirlər ki, Xəzər son onilliklərdə Albaniya ərazisi qədər su səthini itirib.
Araşdırmaya əsasən, 2025-ci ildə Xəzər dənizinin səviyyəsi -29,4 metrə enib.
Xəzər quruyur: Azərbaycanı nələr gözləyir?

Bu göstərici indiyədək tarixi minimum hesab olunan 1977-ci ildəki -29,0 metrlik səviyyədən də aşağıdır.
Alimlərin hesablamalarına görə, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən orta hesabla ildə 10 santimetr aşağı düşür. Ümumilikdə isə son üç onillikdə su səviyyəsi təxminən 3 metr azalıb. P.P. Şirşov adına Okeanoqrafiya İnstitutunun baş elmi işçisi Andrey Kostyanoy bildirib ki, tədqiqatın əsas məqsədi Xəzərin real su itkilərini və ən çox quruyan əraziləri müəyyən etmək olub. Onun sözlərinə görə, səviyyənin azalması artıq regionda ciddi nəticələr doğurub. Volqa-Xəzər gəmiçilik kanalında suyun səviyyəsi aşağı düşüb; limanlarda naviqasiya çətinləşib; sahil xətti yaşayış məntəqələrindən geri çəkilməyə başlayıb.
Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri isə suyun azalmasının son illərdə daha da sürətlənməsidir.
Belə ki, 2005-2019-cu illərdə Xəzərin səviyyəsi ildə orta hesabla 8,16 santimetr azalırdı. 2020-2024-cü illərdə isə bu göstərici 22,7 santimetrə yüksəlib.
Bu isə göstərir ki, Xəzərin kiçilməsi təkcə davam etmir, həm də əvvəlki illərlə müqayisədə daha sürətlə baş verir.
Alimlər hesab edirlər ki, dənizin səthi kiçildikcə buxarlanma da azalmalı və bu, nəzəri olaraq su səviyyəsinin enmə tempini zəiflətməlidir.
Lakin peyk altimetriyası məlumatları hələlik bunu təsdiqləmir. Andrey Kostyanoyun sözlərinə görə, su balansına təsir edən digər amillər – xüsusilə iqlim dəyişiklikləri, çay axınlarının azalması və meteoroloji proseslər – buxarlanmanın azalmasının mümkün müsbət təsirini üstələyir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, XXI əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi daha 2 metrdən 21 metrədək enə bilər. Bu isə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün liman infrastrukturu, balıqçılıq, ekosistem, su ehtiyatları və sahilyanı yaşayış məntəqələri baxımından ciddi sosial-iqtisadi və ekoloji problemlər yarada bilər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR