Azərbaycanda xaricdə təhsil xidmətləri göstərən şirkətlə bağlı redaksiyamıza daxil olan müraciət ciddi iddiaları özündə əks etdirir.
Musavat.com xəbər verir ki, Bakı sakini Gülnar Ramazanova Azad İstehlakçılar Birliyinə müraciət edərək bildirib ki, xaricdə təhsil vədi ilə fəaliyyət göstərən şirkətin əməkdaşlarına ümumilikdə 9450 manat ödəsə də, vəd edilən xidmətləri ala bilməyib.
Şikayətçi hesab edir ki, eyni şəxslər müxtəlif dövrlərdə fərqli şirkət adları altında fəaliyyət göstərərək vətəndaşlardan vəsait toplayıblar. Bu iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilir.
Gülnar Ramazanovanın sözlərinə görə, 2023-cü ilin martında "Space TV"-də yayımlanan verilişdə xaricdə təhsil üzrə ekspert kimi təqdim olunan Aişə Aslanovanın çıxışını izlədikdən sonra şirkətlə əlaqə saxlayıb.
Onun sözlərinə görə, əvvəlcə İçərişəhərdə yerləşən ofisə dəvət olunub, sonradan isə şirkətin ünvanı bir neçə dəfə dəyişib. Şikayətçi bildirir ki, ona universitetlərə qəbul prosesinin başlanacağı, kampaniyanın qısa müddətli olduğu deyilib və ödəniş etməyə tələsdirilib.

Müraciətdə qeyd olunur ki, xidmət haqqı olaraq ümumilikdə 1800 manat ödənilib. Ödənişlər müxtəlif vaxtlarda hissə-hissə nağd şəkildə həyata keçirilib.
Şikayətçinin iddiasına görə ona maliyyə qəbzi təqdim edilməyib; müqavilənin imzalanmış nüsxəsi verilməyib. Sonradan isə ofisin köçməsi bəhanə gətirilərək sənədlər təqdim olunmayıb. Gülnar Ramazanova bildirir ki, 2025-ci ilin sentyabrında şirkət əməkdaşları universitetə təcili ödəniş edilməli olduğunu deyərək ona zəng ediblər. Onun sözlərinə görə, güclü psixoloji təzyiq nəticəsində növbəti gün 7250 manat vəsaiti PaşaPay vasitəsilə şirkət əməkdaşlarından birinin şəxsi bank hesabına köçürüb. Şikayətçi iddia edir ki, həmin vəsaitin universitetə köçürüldüyünü təsdiqləyən sənəd sonradan ona təqdim edilməyib.
Gülnar Ramazanovanın sözlərinə görə, ona sənədlərinin artıq Almaniya Səfirliyinə təqdim edildiyi bildirilib.
Lakin o, səfirliklə özü əlaqə saxladıqdan sonra adının hər hansı müraciət üzrə sistemdə görünmədiyi barədə məlumat alıb. Gülnar Ramazanova dediklərinin təsdiqi kimi müvafiq yazışmaları və sənədləri hüquq-mühafizə orqanlarına təqdim olunduğu qeyd edib. Şikayətçi bildirir ki, pulunun geri qaytarılmasını tələb etmək üçün şirkətin ofisinə gedərkən əməkdaşlarla mübahisə yaranıb. Müraciətdə qeyd olunur ki, digər zərərçəkmiş şəxslərlə birlikdə ofisə gələn zaman onlara qarşı kobud davranılıb, fiziki təmas olub və müxtəlif hədələyici ifadələr işlədilib. Bu iddialarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilir.
Şikayətçi qeyd edir ki, eyni şəxslər müxtəlif dövrlərdə "Career Guide", "Pilgrim", "Go2Work" adları altında fəaliyyət göstəriblər.
Onun sözlərinə görə, hüquqi şəxsin adı və VÖEN dəyişsə də, əməkdaş heyətinin və fəaliyyət mexanizminin eyni olduğu qənaətinə gəlib.
Müraciətdə bildirilir ki, məsələ ilə bağlı polisə və digər hüquq-mühafizə orqanlarına ərizələr təqdim olunub. Şikayətçi baş vermiş hadisələrin araşdırılmasını, ödənilmiş vəsaitin geri qaytarılmasını və fəaliyyət göstərən şəxslərin əməllərinə hüquqi qiymət verilməsini xahiş edir.
E.Məmmədəliyev,
Musavat.com






