Bu ilin yanvar-iyun aylarında Azərbaycanın emal sənayesində 10 milyard 912,6 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinin məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5%), toxuculuq sənayesi (+34,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+20,5%), tütün məmulatlarının istehsalı (+19,4%), kağız və karton istehsalı (+11,1%), qida məhsullarının istehsalı (+9,9%), metallurgiya sənayesi (+6,6%), tikinti materiallarının istehsalı (+4,7%) sahələrində olub.(iqtisadiyyat.az)
İqtisadçı Vüsalə Əhmədova Musavat.com-a şərhində bildirib ki, Azərbaycanda emal sənayesinin yaxın bir neçə ildə ümumilikdə iqtisadiyyatın əsas lokomotivinə çevriləcəyini gözləmək real deyil:
“Ən doğru yanaşma budur ki, emal sənayesi neft-qaz sektorunu tam əvəz etməsə də, qeyri-neft iqtisadiyyatının əsas dayağı ola bilər. Ölkə sənayesi hələ də böyük ölçüdə neft-qaz sektorundan asılıdır. Azərbaycanın iqtisadiyyatı klassik resurs iqtisadiyyatı modelinə yaxındır. Neft və qaz ÜDM-in böyük hissəsini, ixracın təxminən 85-90%-ni, dövlət gəlirlərinin əhəmiyyətli hissəsini formalaşdırır. Buna baxmayaraq, son illərdə emal sahəsi müəyyən qədər inkişaf edib. Xüsusilə, alüminium, gübrə, kimya, şüşə, sement, metallurgiya kimi enerji tutumlu sahələr üzrə ciddi üstünlüklər əldə edilib. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit mövqeyi, Orta Dəhliz və logistika imkanlarının genişlənməsi, həmçinin dövlət tərəfindən sənaye parklarına verilən güzəştlər bu sahədə üstünlüyü artırır. Orta Dəhlizin son illərdə Azərbaycanın strateji üstünlüyünü artırdığını deyə bilərik. Əgər Çin-Avropa ticarətinin cəmi 3-5%-i bu marşruta keçsə, Azərbaycanda qablaşdırma, montaj, logistika, yüngül emal kimi sahələr sürətlə inkişaf edə bilər”.
İqtisadçının fikrincə, inkişafı məhdudlaşdıran amillər də az deyil: “Daxili bazarın kiçik olması, istehsalın yüksək texnologiyalı olmaması, məhsuldarlığın inkişaf etmiş ölkələrlə müqayisədə aşağı olması, ixrac bazarlarında güclü rəqabət, idxal olunan texnologiya və avadanlıqdan asılılıq, bəzi sahələrdə kadr çatışmazlığı və s. Azərbaycanın əhalisi təxminən 10 milyon nəfərdir. Bu isə, Türkiyə, İran, Rusiya və digər ölkələrlə müqayisədə çox kiçik bazardır. Bir çox məhsul növündə zavodun səmərəli işləməsi üçün daxili bazar kifayət etmir. Dünyada emal sənayesinin gələcəyi robotlaşdırma, süni intellekt, avtomatlaşdırılmış istehsal, yüksək dəqiqlikli maşınlar üzərində qurulur. Azərbaycan isə əsasən texnologiyanı idxal edir. Texnologiya idxal edən ölkələrin marjası adətən aşağı olur. Ən əsası, məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğun olmalıdır ki, ixrac genişlənsin, əks halda yalnız daxili bazarla kifayətlənməli olacağıq.
Burada əsas məsələ ondan ibarətdir ki, bütün sahələri eyni anda inkişaf etdirmək mümkün deyil”.
V.Əhmədova hesab edir ki, ən perspektivli istiqamət aqrar emaldır: “Azərbaycan fındıq, nar, pomidor, üzüm, pambıq, meyvə şirələri üzrə artıq xammala malikdir. Xammalı satmaq əvəzinə, hazır məhsul ixracı əlavə dəyəri 2-5 dəfə artıra bilər. Həmçinin, SOCAR-ın xammal bazası da böyük üstünlüyə malikdir. Məsələn, polietilen, polipropilen, plastik komponentlər dünyada daim tələb görür. Burada əlavə dəyər neft satışından daha yüksəkdir. Hər bir halda, emal sənayesi üzrə illik artımın təxminən 4-6% səviyyəsində davam edəcəyi real görünür. Yeni ixrac yönümlü müəssisələr açılarsa, yaxın 10-15 il ərzində emal sənayesinin həcmini təxminən 2 dəfəyədək artırmaq mümkün olar. Ən vacib məsələ təkcə istehsal həcmini artırmaq deyil, əlavə dəyəri yüksək məhsulların istehsalına keçməkdir. Dediyim kimi, xammal və ya yarımfabrikat satmaq əvəzinə, hazır kimya məhsulları, elektrik avadanlıqları, maşın hissələri və qida brendlərinin ixracı iqtisadiyyata daha çox gəlir gətirər. Ən böyük risk isə montaj iqtisadiyyatında ilişib qalmaqdır, yəni, hissələri xaricdən almaq və sadəcə yığmaq. Belə model müəyyən qədər məşğulluq yaratsa da, uzunmüddətli məhsuldarlıq və yüksək gəlir təmin etmir. Uğurlu sənayeləşmə üçün tədqiqat və inkişaf, yerli komponent istehsalı, mühəndislik bacarıqları və güclü təchizat zəncirləri paralel inkişaf etməlidir”.
Nigar Həsənli
Musavat.com






