Hindistanda onilliklər boyu saxta kimliklərlə lüks hotellərdə qalan bir şəxsin hekayəsi ölkədə böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, The Times of India nəşrinin yaydığı məlumata görə, Binqson Con 1990-cı illərin əvvəllərindən etibarən Hindistanın ən bahalı hotellərinə saxta adlarla yerləşib. O, özünü xarici turist bələdçisi, ingilis dili müəllimi və ya yoqa təlimatçısı kimi təqdim edib, hotellərin bütün xidmətlərindən istifadə etdikdən sonra isə hesabı ödəmədən aradan çıxıb.
İstintaqın məlumatına görə, o, Hindistanın 10-dan çox ştatında fəaliyyət göstərərək təxminən 300 hoteli bu üsulla aldadıb.
Sonuncu dəfə Raypur şəhərindəki beşulduzlu hoteldə qalan dələduz 63,7 min rupi (təxminən 1 270 manat) məbləğində ödənilməmiş hesab və 148 min rupi (təxminən 2 950 manat) dəyərində icarəyə götürdüyü noutbuku götürərək qaçıb. Lakin hüquq-mühafizə orqanları onu 72 saat sonra başqa şəhərdə saxlayıblar.
Məlumata görə, Binqson Con ilk cinayətini nişanlısının ölümündən sonra törədib. O, ilk dəfə 1996-cı ildə həbs olunub və sonrakı illərdə ümumilikdə təxminən 15 ilini müxtəlif həbsxanalarda keçirib.
Dindirilmə zamanı o, həbsxanaları özünün evi, hotelləri isə turist məkanları adlandırıb. Hazırda o, yenidən həbs edilərək barəsində istintaq tədbirləri davam etdirilir.
Musavat.com






