Hörmüz boğazında davam edən gərginlik fonunda Türkiyə regionun enerji xəritəsini dəyişə biləcək mühüm addım atır.
Musavat.com xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankara ilə Bağdad arasında İraq–Türkiyə (ITP) neft kəməri üzrə yeni sazişin hazırlanması istiqamətində danışıqlar aparıldığını açıqlayıb.
Nazirin sözlərinə görə, razılaşma əldə olunacağı təqdirdə bu marşrutla İraq neftinin nəqli gündəlik 750 min barelə qədər artırıla bilər.
Türkiyə və İraq arasında bir neçə neft və qaz kəməri fəaliyyət göstərsə də, 2014–2015-ci illərdə ikitərəfli münasibətlərin pisləşməsi səbəbindən neft ixracı azalmış, tərəflər arasında yaranan mübahisələr beynəlxalq arbitraja çıxarılmışdı. Son illərdə Ankara ilə Bağdad arasında münasibətlərin yaxşılaşması enerji əməkdaşlığı üçün yeni imkanlar yaradıb.
Hörmüz boğazında yaranan problemlər fonunda İraq alternativ ixrac marşrutlarına daha çox ehtiyac duyur. Türkiyə üzərindən Aralıq dənizi sahillərinə çıxış isə neftin daha təhlükəsiz və qısa marşrutla dünya bazarlarına çatdırılmasına şərait yaradır.
Məlumata görə, mart ayından etibarən Hörmüz boğazı ətrafındakı böhran səbəbindən İraqın neft ixracı ciddi şəkildə azalıb. Bunun nəticəsində ölkənin büdcə gəlirlərində kəskin azalma yaranıb. Cari ilin ilk dörd ayında İraqın büdcə kəsiri təxminən 11 trilyon dinara (təxminən 7,3 milyard ABŞ dolları) çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68 faiz çoxdur.
Musavat.com






