1917–1927-ci illər ərzində dünyada “yuxu xəstəliyi” kimi tanınan xəstəliyin geniş yayılması baş verib və bu xəstəlikdən beş milyondan çox insan zərər çəkib. Epidemiya alimlər üçün əsl müəmmaya çevrilib, çünki bu günə qədər belə bir xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman mövcud olmayıb.
XX əsrin ilk yarası hadisələrlə zəngin olub: müharibələr, çoxsaylı epidemiyalar və digər fəlakətlər...
Bütün bunların fonunda bəşəriyyət sakit və demək olar ki, hiss olunmayan xəstəliklə üzləşib - “yuxu xəstəliyi”, elmi adı ilə isə letarjik ensefalit. Yeni xəstəlik ilk dəfə 1917-ci ildə avstriyalı professor Konstantin fon Ekonomo tərəfindən təsvir edilib. Onun qeydlərinə əsasən, epidemiyanın ilk yayılması 1915-ci ildə Verden yaxınlığında baş verib, daha sonra Avstriyaya, oradan isə Qərbi Avropaya və ABŞ-yə yayılıb. Xəstəliyin bu qədər sürətlə “səyahət etməsinin” əsas səbəbi I dünya müharibəsi olub. Hərbi-səhra xəstəxanalarından letarjik ensefalit əsgərlərlə birlikdə iri şəhərlərə - Parisə, Londona və Vyanaya qədər yayılıb. Lakin erkən Sovet İttifaqında inqilablar səbəbindən 1923-cü ilə qədər xəstəliyin klinik təsvirləri və statistik məlumatlar məhdud olub. 1927-ci ilə qədər mövcud olan hallar həkimlərin səyləri nəticəsində deyil, özü-özünə - necə yaranmışdısa, eləcə də sirli və qəfil şəkildə yoxa çıxıb.

Epidemik letarjik ensefaliti ilk dəfə təsvir edən həkimin Ekonomo olduğu doğrudur. Lakin “yuxu xəstəliyi” əslində daha əvvəl də qeydə alınıb. İlk məlumatlar XVI əsrə aid olub. Həmin dövrdə letarjik ensefalit epidemiyası bütün Avropaya yayılıb. 1580-ci ildə insanlarda sirli qızdırma və halsızlıq halları müşahidə olunub ki, bu da sonradan nevroloji xəstəliklərə, o cümlədən Parkinson xəstəliyinə səbəb ola bilib. “Yuxu iflici” hələ müasir adını almayıb. XVII əsrin 1670-ci illərinin sonunda məşhur ingilis həkimi Tomas Sidnem bu xəstəliyi “febris comatosa” (latınca “komaya aparan qızdırma”) kimi təsvir edib.
XVIII əsrdə letarjik ensefalitin əlamətləri dəfələrlə müşahidə olunub. Əvvəlcə Almaniyada, daha sonra isə Fransada bu xəstəlik qeydə alınıb. Sirli xəstəlik “yuxu xəstəliyi” adlandırılıb, çünki xəstəliyi keçirən insanlar beyin zədələnməsi nəticəsində ləng hərəkətli olub və iradə qabiliyyətlərini itiriblər. Daha sonra 1890-cı ildə İtaliyada Nona (Nona) xəstəliyi adlı epidemiya baş verib. Bu xəstəlik də sonradan parkinsonizm əlamətlərinin yaranmasına səbəb olub.

Ən mürəkkəb il isə 1918-ci il hesab olunub. Məhz həmin dövrdə pandemiya ən çox insan həyatına son qoyub. Eyni zamanda Avropa qitəsi qrip epidemiyasının da təsiri altında olub. Buna görə bir çox həkim səhvən bu iki xəstəliyi bir-biri ilə əlaqələndirib. Əslində isə epidemik letarjik ensefalitin yayılması kəskin respirator virus infeksiyalarının (KRVİ) artımı ilə əlaqəli olmadan da davam edib.
Sağalan xəstələr belə əvvəlki həyat tərzlərinə tam şəkildə qayıda bilməyiblər. Letarjik ensefalitin müalicəsi sağlamlığın tam bərpasını təmin etməyib: xəstələrin əksəriyyətində qan dövranının pozulması və beynin alın payının fəaliyyətində yaranan problemlər səbəbindən nevroloji və psixi pozuntular inkişaf edib. Bu vəziyyət əlilliyə, hətta ölümə səbəb olub. İnsan bəzən bir neçə ay ərzində tədricən zəifləyib, daha ağır hallarda isə bu proses uzun illər davam edib.
Xəstəliyin adından da göründüyü kimi, əsas əlamət insanda yaranan həddindən artıq yuxululuq olub. İnsanlar 2–3 həftə ərzində günlərlə yata, yemək zamanı və hətta hərəkət edərkən belə yuxuya gedə biliblər. Adi yuxuda qeyri-adi nə ola bilər ki? Lakin xəstələri narahat edən yeganə problem bu olmayıb. Xəstələr dəhşətli hallüsinasiyalardan, əzələ iflicindən, qusmadan və bədənin müxtəlif nahiyələrində yaranan ağrılardan əziyyət çəkiblər. Ekonomo tərəfindən təsvir edilən ensefalitin kəskin mərhələsi üçün yüksək hərarət, baş ağrıları və mimikanın pozulması xarakterik olub. Ağır hallarda ürək-damar sisteminin fəaliyyətində pozuntular, tənəffüsün tezliyi və ritminin dəyişməsi, tənəffüs əzələlərinin qeyri-iradi yığılması və komaya düşmə halları müşahidə olunub.

Ehtimal olunub ki, xəstəliyin törədicisi xüsusi filtrasiya olunan virusdur. Yəni bu, mikroskop altında görünməyəcək qədər kiçik olan patogendir. O, mərkəzi sinir sisteminə daxil olub və orada “inkişaf edib”. Alimlər çoxsaylı tədqiqatlar apardıqdan sonra belə qənaətə gəliblər ki, A tipli ensefalitin infeksiya mənbəyi insandır. Yoluxma təmas yolu və ya hava-damcı yolu ilə baş verib. Lakin bu xəstəlik haqqında məlum olan məlumatlar bununla məhdudlaşıb. Xəstəliyi kimin yaydığı və onun necə müalicə olunması hələ də tam aydın deyil.
“Yuxu xəstəliyinin” qurbanlarından biri də Adolf Hitler olub. 1934-cü ildə onda parkinsonizm diaqnozu qoyulub. Bu isə letarjik ensefalitin xroniki mərhələsinin əlamətlərindən biri hesab olunub. Müasir dövrdə xəstəliyin ayrı-ayrı halları qeydə alınıb. Belə ki, 1987-ci ildə letarjik ensefalit dünyanın müxtəlif yerlərində yaşayan dörd insanda müşahidə edilib.

2013-cü ildən etibarən Qazaxıstanın Kalaçi və Krasnoqorski kəndlərində insanlarda “mənşəyi müəyyən edilməyən ensefalopatiya” diaqnozu qoyulub. İnsanlar ardıcıl olaraq 6–7 gün yuxuda qalıblar. Yerli hakimiyyət orqanları sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Məsələ burasındadır ki, 1960–1990-cı illərdə bu yaşayış məntəqələrinin ərazisində uran filizi hasil edilib. Mütəxəssislər yeni “yuxu xəstəliyi” dalğasının səbəbini yerli sakinlərin tərkibində oksigenin az, karbonmonoksid (dəm qazı) və karbon qazının yüksək olduğu havanı nəfəs alması ilə əlaqələndiriblər.
Bütün hallarda 1915–1926-cı illər ərzində letarjik ensefalit bütün dünyada ən azı 5 milyon insana təsir göstərib. Xəstəlik qəfil ortaya çıxıb və elə bir şəkildə də gözlənilmədən yoxa çıxıb. Bu pandemiya özündən sonra yalnız ayrı-ayrı xəstəlik hallarını və çoxsaylı cavabsız sualları miras qoyub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






