Bakı Ağır Cinayətlər Məhkəməsində Zamiq Xankişiyevin cinayət işi məhkəmə araşdırması aparılır.
Musavat.com xəbər verir ki, ittihama görə Zamiq Xankişiyev özünü geniş əlaqələrə malik iş adamı kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib və onların ümumilikdə 1 milyon manata yaxın pul və əmlakını ələ keçirib.
O, "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğludur. Zamiq Xankişiyev bahalı həyat tərzi və lüks avtomobil kolleksiyasını nümayiş etdirməsi ilə tanınıb. O, müxtəlif vaxtlarda "Bentley" markalı avtomobillər və digər yüksək qiymətli nəqliyyat vasitələrini sosial şəbəkələrdə nümayiş etdirməsi ilə gündəmə gəlib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi – xüsusilə külli miqdarda dələduzqluqda ittiham irəli sürülüb. Cinayət işinin materiallarına əsasən, istintaqdan yayınan Zamiq Xankişiyev 1 il 8 ay axtarışda olub. O, saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib, daha sonra isə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə azadlığa buraxılıb.

İstintaqın qənaətinə görə, Zamiq Xankişiyev Neftçaladakı Olimpiya İdman Kompleksinin tikintisində istifadə ediləcək beton işləri üçün hazırda cinayət dosyesi üzrə zərərçəkmiş statusunda olan iş adamından 60 min manat dəyərində sement sifariş edib, ödəniş edəcəyinə söz versə də, sonradan vəsaiti ödəməyərək mənimsəyib.
Bundan başqa, ittihama əsasən, Zamiq Xankişiyev zərərçəkmişə məxsus "Maserati Ghibli" markalı avtomobili bazar dəyərindən aşağı qiymətə – 48 min ABŞ dollarına sataraq vəsaiti mənimsəyib. O, həmçinin iş adamına məxsus "Mercedes-Benz S-Class" markalı avtomobili 85 min ABŞ dollarına satıb, əldə olunan məbləğin yalnız 50 min dollarını sahibinə qaytarıb, qalan 35 min dolları isə özündə saxlayıb.
İttihama görə, bu və digər epizodlar nəticəsində iş adamına ümumilikdə 577 min manat ziyan dəyib. Cinayət işində göstərilir ki, Zamiq Xankişiyev digər zərərçəkəni müxtəlif tikinti layihələrinə investisiya qoyacağı və yüksək gəlir əldə edəcəyi vədi ilə aldadaraq onun 180 min manat pulunu və avtomobilini ələ keçirib.
Digər epizod üzrə isə onun müəssisəsində çalışan işçiyə əməkhaqqı əvəzinə "KİA" markalı avtomobil verəcəyini vəd edib, lakin nə avtomobili, nə də 5 min 690 manat məbləğində borcunu ödəyib.
Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Məlumatlara görə, ziyanın bir hissəsini ödədikdən sonra onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib və istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
E.Məmmədəliyev,
Musavat.com






