Son illər internet üzərindən pul müqabilində oynanılan şans oyunlarına maraq nəzərəçarpacaq dərəcədə artıb. Mobil telefonlar və digər rəqəmsal platformalar vasitəsilə bu oyunlara çıxışın asanlaşması xüsusilə gənclər arasında onların daha sürətlə yayılmasına səbəb olur.
Bu vəziyyət isə təkcə maddi itkilərlə məhdudlaşmır, eyni zamanda ailədaxili münasibətlərə, psixoloji vəziyyətə və ümumilikdə cəmiyyətə mənfi təsir göstərə bilir.
Bəs son illərdə bu cür oyunlara marağın artmasının əsas səbəbi nədir? Onlayn qeyri-leqal qumarla mübarizə üçün nə çatışmır?

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, onlayn qumar artıq təkcə mənəvi problem deyil, dövlətin maliyyə təhlükəsizliyinə təhdid yaradan hüquqi problemdir: “Son illər Azərbaycanda onlayn qumar platformalarının sürətlə yayılması ciddi narahatlıq doğuran tendensiyadır. Bu məsələni yalnız əxlaq və ya ailədaxili problem kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət həm də maliyyə təhlükəsizliyindən, kibercinayətkarlıqdan, vergidən yayınmadan və qeyri-qanuni pul dövriyyəsindən gedir. Qanunsuz fəaliyyət göstərən onlayn qumar platformalarının əksəriyyəti xarici dövlətlərdə qeydiyyatdan keçdiyi üçün onların təşkilatçılarını məsuliyyətə cəlb etmək və fəaliyyətlərini dayandırmaq hüquqi baxımdan mürəkkəbləşir. Bununla belə, bu, dövlətin əlini-qolunu bağlamır. Beynəlxalq təcrübə göstərir ki, belə hallarda ən təsirli vasitə həmin platformaların maliyyə dövriyyəsini iflic etməkdir”.
Ceyhun Yusifov deyir ki, təəssüf ki, hazırda insanlar bank kartları, elektron ödəniş sistemləri və müxtəlif rəqəmsal vasitələrlə rahat şəkildə bu platformalara vəsait köçürə bilirlər: “Əgər qanunsuz qumar operatorlarına maliyyə axını davam edirsə, təkcə internet saytlarının bloklanması problemi həll etmir. Bu gün bağlanan domen sabah başqa ad altında yenidən fəaliyyətə başlayır. Digər ciddi problem isə qanunsuz qumarın açıq və ya gizli reklam edilməsidir. Sosial şəbəkələrdə, müxtəlif internet resurslarında, hətta bəzi tanınmış simaların iştirakı ilə bu platformalar asan qazanc, tez varlanmaq imkanı kimi təqdim olunur. Nəticədə xüsusilə gənclər və maliyyə çətinliyi yaşayan insanlar bu tələyə düşürlər”.

Ceyhun Yusifov hesab edir ki, qanunsuz onlayn qumar platformalarının reklamını həyata keçirən fiziki və hüquqi şəxslərin məsuliyyəti daha da sərtləşdirilməlidir:
“Əgər reklam fəaliyyəti insanların külli miqdarda maddi zərər görməsinə səbəb olursa, bu əməllərə görə yalnız inzibati deyil, zərurət yarandıqda cinayət-hüquqi məsuliyyət məsələsi də nəzərdən keçirilməlidir. Beynəlxalq təcrübə də göstərir ki, sərt hüquqi mexanizmlər daha effektiv nəticə verir. Böyük Britaniyada lisenziyasız operatorlara qarşı milyonlarla funt sterlinq cərimələr tətbiq edilir, Belçikada qanunsuz platformalar bloklanmaqla yanaşı onların maliyyə əməliyyatları da məhdudlaşdırılır, Norveçdə banklara belə operatorlara ödənişlərin həyata keçirilməsi qadağan olunub, Avstraliyada isə internet provayderləri və maliyyə institutları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Bir sıra ölkələrdə qanunsuz qumar biznesini təşkil edən şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər. Azərbaycanda da bu istiqamətdə qanunvericilik daha da təkmilləşdirilməli, lisenziyasız qumar platformalarına maliyyə köçürmələrinin qarşısı alınmalı, onların reklamı qəti şəkildə məhdudlaşdırılmalı və bu fəaliyyətin təşkilatçıları ilə yanaşı, qanunsuz reklamını həyata keçirən şəxslər də ciddi hüquqi məsuliyyət daşımalıdırlar. Unutmamalıyıq ki, qumar asılılığı bir çox hallarda psixoloji asılılıqdır. Ona görə də hüquqi tədbirlərlə yanaşı, maarifləndirmə, profilaktika və reabilitasiya mexanizmləri də gücləndirilməlidir. Yalnız kompleks yanaşma sayəsində bu sosial təhlükənin qarşısını almaq mümkündür”.
E.Məmmədəliyev,
Musavat.com






