Dostunun etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Our Orchards" MMC-nin İdarə Heyətinin sabiq sədri, 71 yaşlı Nazim Xudaverdiyev barəsində bəraət hökmü qüvvədə saxlanılıb.
Musavat.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda prokurorun verdiyi apellyasiya protesti və zərərçəkmiş tərəfin şikayətinə baxılıb.
Prokuror birinci instansiya məhkəməsinin bəraət hökmünün ləğv edilməsini, Nazim Xudaverdiyevin təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmasını istəyib. Eyni məzmunlu tələblə zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib.

Məhkəmə prosesində çıxış edən Nazim Xudaverdiyevin vəkili Esmira Tağıyeva bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib. Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə təqdim edilən sübutları hərtərəfli araşdıraraq qanuni və əsaslı şəkildə bəraət hökmü çıxarıb.Vəkil apelyasiya instansiyasından həmin hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edib.
Müşavirədən sonra qərar elan olunub. Bakı Apelyasiya Məhkəməsi prokurorun protestini və zərərçəkmiş şəxsin apellyasiya şikayətini əsassız hesab edərək təmin etməyib. Bununla da Nazim Xudaverdiyev barəsində çıxarılmış bəraət hökmü qanuni qüvvəsini qoruyub.
Cinayət işi üzrə istintaq materiallarına əsasən, Nazim Xudaverdiyevin "Our Orchards" MMC-nin İdarə Heyətinin sədri olduğu dövrdə yaxın dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etdiyi iddia olunurdu. İttihama görə, tərəflər arasında bağlanmış razılaşmalar və maliyyə münasibətləri çərçivəsində zərərçəkmişə məxsus vəsait mənimsənilib və nəticədə Namiq Məmmədmuradova 153 min 500 manat məbləğində ziyan dəyib.
İstintaq orqanı Nazim Xudaverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham irəli sürmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsində iş araşdırılarkən müdafiə tərəfi ittihamın mülki-hüquqi münasibətlərdən irəli gəldiyini, cinayət tərkibi yaratmadığını bildirirdi. Məhkəmə iclaslarında dindirilən şahid ifadələri, yazılı sübutlar və tərəflərin təqdim etdiyi sənədlər araşdırıldıqdan sonra hakim heyəti belə qənaətə gəlmişdi ki, Nazim Xudaverdiyevin təqsiri cinayət-prosessual qanunvericiliyin tələb etdiyi səviyyədə sübuta yetirilməyib.
Bu səbəbdən məhkəmə ona bəraət vermişdi. Lakin hökm nə prokurorluğu, nə də zərərçəkmiş tərəfi qane etmişdi. Onlar hökmün ləğv olunması üçün apellyasiya instansiyasına müraciət etmişdilər. Apelyasiya instansiyası iş materiallarını yenidən araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olduğu qənaətinə gəlib. Beləliklə, Nazim Xudaverdiyev barəsində çıxarılmış bəraət hökmü dəyişdirilmədən saxlanılıb və prokurorun protesti ilə zərərçəkmiş tərəfin apellyasiya şikayəti təmin edilməyib. Bu qərarla uzun müddətdir davam edən məhkəmə çəkişməsinin növbəti mərhələsi də Nazim Xudaverdiyevin xeyrinə yekunlaşıb.
E.Məmmədəliyev,
Musavat.com






