İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan elektron siqaretləri qadağan edəcək?

956 02.12.2025 13:54 Ölkə A A

Özbəkistandan sonra ölkəmizdə də bu qərar gözlənilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını qadağan edən qanun imzalayıb. Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Yeni qanuna əsasən, elektron siqaretlərin və onlar üçün mayelərin alınması, saxlanması, daşınması, istehsalı, idxalı və ixracı qadağan olunur. Qanun pozuntusuna görə ciddi cəza tədbirləri nəzərdə tutulur. Belə ki, iri həcmdə və ya inzibati cəza aldıqdan sonra təkrar pozuntuya görə 300-500 baza hesab vahidi (10,3-17,2 min dollar) məbləğində cərimə, üç ilədək islah işləri və ya 3-5 il müddətinə azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Sirr deyil ki, son illər siqaretdən imtina edə bilməyən insanlar çıxış yolunu elektron siqaretlərdə görürlər. Elektron siqaretin zərərsiz olduğunu düşünən şəxslər bu yolla sağlamlıqlarını qoruduqlarını, yaxud adi siqaretdən çəkinəcəklərini düşünürlər. Tibb aləmində bu yanaşma uzun müddətdir tənqid olunur. Siqaret çəkən bir çox insan elektron siqaretə keçməklə sağlamlıqlarını qoruduqlarını, ən azı ziyanı azaltdıqlarını düşünür. Lakin son tədqiqatlar göstərir ki, bu fikirlər daha çox marketinq manipulyasiyasıdır.

Belə ki, elektron siqaret mayelərində nikotin, propolen qlikol və qliserin kimi qızdırıldıqda toksik molekullar yaradan maddələr, aroma kimyəvi qatqıları, o cümlədən formaldehid və akrolein yaradabilən komponentlər, bəzi hallarda kanserogen ağır metallardan ibarət buxar hissəcikləri aşkarlanır.

Bundan başqa, “vape” istifadəsi ağız boşluğu xəstəlikləri, qan damarlarının daralması, ürək-damar sisteminə yük, hormonal sistemdə dəyişikliklər və artıq nikotin asılılığının dərinləşməsi ilə nəticələnə bilir.

Bəs Azərbaycanda da eyni qadağalar tətbiq oluna bilərmi?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Özbəkistanda elektron siqaretlərin qadağan olunması ilə bağlı verilən qərar tamamilə təqdirəlayiq addımdır: “Artıq dünyanın müxtəlif ölkələrində də bu istiqamətdə ciddi qərarlar qəbul edilir və ictimai sağlamlığın qorunması naminə analoji addımlar atılır. Əslində bir neçə il öncə elektron siqaretlər istehsal edilərkən onların adi siqaretlərdən asılılığı azaldacağı, nikotin tələbatını aşağı salacağı və insanlar üçün daha "zərərsiz alternativ" olacağı iddia edilirdi. Hətta həmin dövrdə çox sayda insan məhz bu ümidlə elektron siqaretə keçdi.

Lakin zaman keçdikcə aparılan tədqiqatlar və real müşahidələr göstərdi ki, elektron siqaretlərin zərəri heç də adi siqaretlərdən az deyil, bəzi hallarda isə daha risklidir. Bunun səbəbi elektron siqaretlərin tərkibində olan aerozolların müxtəlif kimyəvi maddələrdən ibarət olmasıdır. Bu kimyəvi maddələrin bir çoxunun kanserogen xarakter daşıdığı, xüsusilə də yuxarı tənəffüz yolları, ağciyər toxuması və bronx sisteminə ciddi zərər vurduğu müəyyən edilib. Ürək-damar sistemi, tənəffüs sistemi, endokrin sistem, hətta mədə-bağırsaq sistemi belə elektron siqaretlərin yaratdığı toksik təsirlərdən yayınmır".

Zülfüqar Yusifov vurğulayıb ki, elektron siqaretlərin populyarlığının artmasından cəmi bir neçə il keçməsinə baxmayaraq artıq yüzlərlə elmi araşdırma onların zərərli təsirlərini üzə çıxarıb: “Bu tədqiqatlar göstərir ki, yeni nəsil bu cihazların yaratdığı problemlər əvvəlcədən nəzərdə tutulandan qat-qat genişdir. Xüsusən də gənclər və yeniyetmələr arasında asılılıq sürətlə artır, bədənə daxil olan kimyəvi maddələrin uzunmüddətli təsirləri isə hələ tam öyrənilməsə də, ilkin nəticələr çox təhlükəli mənzərə ortaya qoyur.

Məhz buna görə də son illər bir sıra ölkələr artıq qadağa qərarları qəbul edib, bəziləri satışa ciddi məhdudiyyətlər qoyub, digərləri isə tam yasaqlama yolunu seçib. Özbəkistanın atdığı addım da bu qlobal tendensiyanın davamı və əhalinin sağlamlığının qorunması istiqamətində vacib addımdır. Bu qərar həm region ölkələri üçün nümunədir, həm də elektron siqaretlərin təhlükəli mahiyyətini bir daha gündəmə gətirən ciddi mesajdır. Hesab edirəm ki, Azərbaycanda da bu cür qərarın verilməsi təqdirəlayiq olardı".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR