İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərin dekolteli qanun

1197 09.07.2026 20:25 Yazarlar A A

Milli Məclis müəllimlərin yay tətilinə çıxmasından və Maldiv adalarında istirahətə getməyindən sui-istifadə edərək onların geyim forması haqqında yeni qanun çıxarmışdır. Bundan sonra, daha dəqiqi, sentyabrın 15-dən müəllimlərin geyim forması məcburi olacaqdır.

Yəni, loru dildə desək, indiyədək müəllimlər məktəbə ümumi geyimdə gəlməliydilər, lakin gəlməyə də bilərdilər. Yeni qanun geyimi “hüquqi müstəviyə daşımışdır” – deputatlar belə izah etdilər, açığı, çox da dəqiq izahat deyil.

Məsələn, vahid geyimdə gəlməyən müəllimi məktəbə buraxmamaq mümkün olacaqmı? Hüquqi müstəviyə daşımaq deyərkən müəllimi bu halda Kürdəxanıya daşımaq nəzərdə tutulurmu? Maddi sanksiya olacaqsa, cəriməsi neçə manatdır, maaşın hamısı qədər, yoxsa yarısı? Uniforma müəllimlərə ildə neçə dəfə veriləcək? Dövlət hesabınadırmı? Məktəbin girişində geyim dəyişmə otaqları yaradılacaqmı? Və sairə.

Ümumiyyətlə, bu geyim məsələsi olduqca vacibdir. Məzmun-zad boş şeydir, əsas geyimdir. Atalar demişkən, adamı geyimi ilə qarşılayıb, çılpaq yola salırlar. Səkkiz, on, qırmızı don. Yüz deputat yığışsın, bir lüt müəllimi soya bilməz. Atasına bax, qızını al, Geyiminə bax, tozunu al. Pis müəllim deyinər, Yaxşı müəllim geyinər.

Ata sözü bu qədər bəsdir, hələlik, yazımız davam edir, sonra lazım gəlsə yenə işlədərik. Bizim müdriklik boxçamız doludur, orda heç vaxt inflyasiya getmir.

Təklif edirəm, müəllimlər elə birdəfəlik hərbi formaya keçsinlər. Kamuflyaj rənglər olsun. Yaxşı müəllimlərə poqon verilsin. Bunlar patriotizm üçün də vacibdir. Geyim formasını pozan müəllimlər üçün məktəb ərazisində hauptvaxt yaradılsın. Nəticədə təhsil göstəricilərimiz yüksələcəkdir. Buna şübhə etməyiniz, vətəndaşlar.

Sözgəlişi, sovetin vaxtında oxşar təcrübədən aşıqlara hərbi forma geyindirməklə istifadə olunmuşdu, nəticədə aşıqlar bütün günü Rəsul Rzanın “Yaşa, yaşa, can Stalin, Ey böyük insan Stalin” şeirini çalıb-oxuyurdular. Allah Qorbaçovun öyünü yıxsın...

Az qala unutmuşdum, təzə qanun şagirdlərə də aiddir. Onların vahid geyimini də “hüquqi müstəvidə təsbit edəcəklər”. Yəni, məktəbə uniformada gəlmək qətiləşdirilir.

Fikrimcə, burada da müəyyən elastik parçalar seçilsə yaxşı olar, uşaqlar hasardan, pəncərədən tullanıb dərsdən qaçarkən şalvar-filan mismara ilişib cırılmaz. Bəlkə süni İntellekt və rəqəmsal texnologiyalardan müəllim və şagirdlərimizi geyindirməyə sərf etməliyik. Ta onun üsullarını mən yazmayım, hər şeyi deputatlarımızın əvəzindən fikirləşməyə borclu deyiləm.

Yuxarıda qeyd elədiyim kimi, bütün sferalarda geyim mövzusu aktualdır. Məsələn, mən son 10 ildə hansısa manısın səsinin, ifasının, mahnı sözlərinin müzakirə edildiyini heç xatırlamıram. Musiqi mövzularımız ancaq bunlardır: dekolte nə qədər dərin idi, toya neçəyə gedirlər, hansı manısın “həci”si kimdir və sairə. Əlbəttə, milli musiqi diskussiyamızın başında dekolte gəlir. Özü də bunun cürbəcür üsulları varmış. Məsələn, sinə dekoltesi ayrıdır, bel dekoltesi ayrı. Hətta ayaq dekoltesi də varmış! Bəzən təhsil işçiləri bu trendə uyurlar, özlərini manıslar kimi aparırlar, bu isə xalqın haqlı qəzəbinə səbəb olur. (Prinsipcə, xalq həmişə haqlı qəzəblənir, qələtimi düzəldirəm).

Geyinməklə yanaşı, hərəkət üsulları da qaydaya salınsa yaxşı olar. Bəzi təhsil işçiləri dərsə skuterlə, bəzisi “Ferrari” ilə gəlir. Velosiped, at, trolleybus, gəmi (bu nəqliyyat çayqırağı kəndlərimizdə aktualdır) sürənlərə də rastlaşırıq. Vahid nəqliyyat olsa, bu da gələn il 1-ci qrupda 800 bal toplayanların 500 faiz artımına gətirər!

Sevindirici haldır ki, Qida Təhlükəsizliyi Agentliyi artıq bu istiqamətdə tədbirlərə başlamışdır. Şagirdlərin, valideynlərin, təhsil sektoru zəhmətkeşlərinin beynəlxalq standartla daşınması projesi açıqlanıb. Pilot layihədir, hələlik dördayaqlılar üçün nəqliyyat qaydaya salınır, sonra ikiayaqlılara keçəcəyik.

Əslində, bizim üçün hər cür zolaqlar çoxdan yaradılıb, qalır əməl eləmək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR