Dünyanın ən varlı iş adamlarından biri, "Tesla", "SpaceX" və xAI şirkətlərinin rəhbəri İlon Mask yaxın 10 il üçün diqqətçəkən proqnozlar açıqlayıb. Onun fikrincə, süni intellekt və humanoid robotlar iqtisadiyyatı kökündən dəyişəcək, insanların işləməsi isə zərurət deyil, seçimə çevriləcək.
Mask bildirib ki, əgər III dünya müharibəsi kimi qlobal fəlakət baş verməzsə, növbəti on ildə dünya iqtisadiyyatı ən azı 10 dəfə böyüyə bilər. Onun sözlərinə görə, bu artımın əsas hərəkətverici qüvvəsi süni intellekt və robot texnologiyaları olacaq.
İş adamı hesab edir ki, "Tesla"nın hazırladığı "Optimus" humanoid robotları yaxın illərdə kütləvi istehsala keçəcək. Bir müddət sonra onların sayı insanlardan çox olacaq və zavodlardan tutmuş xəstəxanalara qədər əksər sahələrdə işləyəcəklər. Mask hətta robotların yüksək dəqiqlik tələb edən cərrahi əməliyyatları belə insanlardan daha yaxşı yerinə yetirəcəyini düşünür.
Onun fikrincə, yaxın 10-20 il ərzində işləmək artıq insanların dolanışıq vasitəsi olmayacaq. Süni intellekt və robotlar əsas istehsalı öz üzərinə götürəcəyindən insanlar yalnız istədikləri halda işləyəcəklər. Bu isə malların və xidmətlərin qiymətini kəskin şəkildə ucuzlaşdıracaq, hətta pulun bugünkü rolunu dəyişə bilər. Mask gələcəkdə universal yüksək gəlir sisteminin də mümkün olacağını istisna etmir.
Kosmosla bağlı proqnozlar da kifayət qədər iddialıdır. O hesab edir ki, növbəti on ildə Ayda daimi baza yaradılacaq, Marsa insanlar göndəriləcək və bəşəriyyət çoxplanetli sivilizasiyaya doğru mühüm addım atacaq. Maskın fikrincə, bu, insanlığın uzunmüddətli yaşaması üçün həyati əhəmiyyət daşıyır.
Süni intellekt barədə danışan Mask bildirib ki, dünya artıq texnoloji "partlayış" mərhələsinə daxil olub. Onun sözlərinə görə, yaxın gələcəkdə süni intellekt sistemləri insan müdaxiləsi olmadan özlərini təkmilləşdirə biləcək və bu, inkişaf sürətini daha da artıracaq.
Mask həmçinin hesab edir ki, süni intellekt və robot texnologiyaları səhiyyədə də inqilab yaradacaq. Onun proqnozuna görə, sağlam ömür müddəti əhəmiyyətli dərəcədə uzanacaq və bir çox xəstəliklərin müalicəsi mümkün olacaq.
Bununla belə, Mask vurğulayıb ki, bu optimist ssenarinin reallaşması qlobal sabitlikdən asılıdır. Onun sözlərinə görə, böyük müharibələr və ya digər qlobal fəlakətlər baş verməzsə, bəşəriyyət tarixinin ən sürətli texnoloji inkişaf dövrü yaşana bilər.
Qeyd edək ki, İlon Mask əvvəllər də bir sıra iddialı proqnozlar verib. Onlardan bəziləri – elektrik avtomobillərinin geniş yayılması və təkrar istifadə olunan raketlərin hazırlanması – reallığa çevrilsə də, tam avtonom avtomobillər və Marsın qısa müddətdə kolonizasiyası kimi bəzi hədəflər hələ də tam həyata keçməyib. Bu səbəbdən ekspertlər onun son açıqlamalarını daha çox gələcəyə dair optimist baxış və strateji vizyon kimi qiymətləndirirlər.
E.Məmmədəliyev,
Musavat.com






