“Son illərdə regionumuzda çox böyük hadisələr baş verib. Bu hadisələr regionun geosiyasi konfiqurasiyasına və təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir”.
Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə BMTM-in şöbə müdiri Mətin Məmmədli bildirib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra başlanan sülh prosesinin müəllifi Azərbaycandır:
“Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb. Həm sülh gündəliyi, həm də yeni geosiyasi reallıqlar Ermənistan, o cümlədən digər dövlətlər tərəfindən qəbul edilib. Bu, ilk növbədə Azərbaycan dövlətinin İkinci Qarabağ müharibəsindən sonra həyata keçirdiyi düşünülmüş xarici siyasətin və diplomatiyanın nəticəsidir. Sülh qurulmadan dayanıqlı inkişafdan, təhlükəsizlikdən danışmaq mümkün deyil. Keçmiş münaqişənin narrativlərini yenidən müzakirəyə çıxarmaq sülh prosesinə ciddi təhdid yarada bilər. Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı sülhə nail olunması prinsipinə, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərinə, eyni zamanda dövlətlərin suverenliyinə əsaslanır. Azərbaycan dövləti və cəmiyyəti sülh istəyir və buna hazırdır. Eyni zamanda sülhə nail olmaq üçün yalnız Azərbaycanın istəyi kifayət etmir. Ermənistan da bu istəyi nümayiş etdirməli və bunun həyata keçirilməsi üçün inamlı addımlar atmalıdır. Vaşinqton sammitində əldə olunan razılaşmalar, sonrakı dövrdə müşahidə olunan müsbət dinamika onu deməyə əsas verir ki, qısa müddətdə ən azı siyasi-diplomatik müstəvidə sülh prosesini yekunlaşdıra bilərik. Nikol Paşinyanın seçkidə qalib gəlməsi o deməkdir ki, Ermənistan cəmiyyəti sülh gündəliyinə səs verib”.
Mətin Məmmədli bildirib ki, Azərbaycanın əsas gözləntisi yaxın perspektivdə Ermənistan hakimiyyəti və bütövlükdə Ermənistan cəmiyyətinin öz məsuliyyətini dərk edərək sülh quruculuğu istiqamətində əsas addımları atmasıdır:
“Əlbəttə ki, biz sülh istəyirik. Ancaq Azərbaycan dövləti və cəmiyyəti hər şeyə hazırdır. Əgər sabah yenidən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhdid yaranarsa, həmin təhdidlər neytrallaşdırılacaq. Bunu Ermənistandakı revanşist qüvvələr və onları himayə edən mərkəzlər də başa düşməlidirlər”.
Nigar Həsənli
Musavat.com






