Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir vaxtda Zəngəzur vilayətində baş verən hadisələr diqqət mərkəzinə çevrilib. Nüvədi kəndinin sərhəd zolağında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mehri sərhəd dəstəsinin iştirakı ilə həyata keçirilən planlı tədbirlər, eləcə də həmin əraziyə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar müxtəlif suallar doğurur.
Rəsmi izahlarda söhbətin sərhəd rejiminin təmin edilməsindən və mövcud qanunvericiliyin icrasından getdiyi bildirilsə də, regionun strateji əhəmiyyəti nəzərə alındıqda məsələnin yalnız texniki və inzibati xarakter daşımadığı barədə fikirlər də səslənir. Xüsusilə Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini genişləndirməyə çalışdığı, eyni zamanda Rusiya ilə əlaqələrində müəyyən gərginliklərin yaşandığı bir dövrdə Mehri istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi diqqət çəkir.
Rusiyanın sərhəd zonasında aktivliyinin artması hansı məqsədlərə xidmət edir? Bu addımlar sırf təhlükəsizlik tədbirləridirmi, yoxsa Moskvanın regiondakı mövqelərini qorumaq cəhdinin tərkib hissəsidir? Ermənistan hakimiyyəti bu proseslərə necə yanaşır və İrəvanın suverenlik iddiaları ilə mövcud vəziyyət arasında hansı ziddiyyətlər mövcuddur? Mehri bölgəsində baş verənlər Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrə və regional kommunikasiyaların açılması prosesinə hansı təsirləri göstərə bilər? Bütün bunlar Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığının növbəti göstəricisidirmi?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Rusiyanın Zəngəzur bölgəsində Nüvədi kəndində nəzarət-buraxılış məntəqəsi yaratması Moskvanın Zəngəzur -TRİPP marşrutuna təsir imkanlarını qorumağa çalışdığını göstərir. Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasi mövqeyinin güclənməsi və Zəngəzur dəhlizi üzrə işlərin ilin sonundan etibarən başlanacağı ilə bağlı açıqlamaları fonunda bu addım diqqət çəkir.
Məlum olduğu kimi, layihədə ABŞ-ın özəl operatorlarının da iştirakı nəzərdə tutulur. Bu isə Rusiyanın regiondakı rolunun zəifləməsi ehtimalını artırır. Görünür, Moskva prosesdə təmsil olunmaq və təsir imkanlarını saxlamaq məqsədilə müəyyən maneələr yaratmağa çalışır.
Rusiya öz mövqeyini 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsaslandırmağa çalışır. Həmin sənədə görə, Moskvanın regionda müəyyən funksiyaları nəzərdə tutulmuşdu. Lakin sonrakı dövrdə Rusiyanın öhdəliklərini tam yerinə yetirməməsi və qeyri-konstruktiv mövqeyi nəticəsində yeni geosiyasi reallıq formalaşıb. Bir müddət əvvəl, ABŞ və Ermənistan arasında Zəngəzur layihəsi ilə bağlı memorandumun imzalanması diqqəti cəlb edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio arasında əldə olunan razılaşma memorandumu Kremli narahat edib.
Belə bir şəraitdə Rusiya hərbçilərinin Zəngəzur bölgəsində yeni nəzarət məntəqəsi yaratması layihənin həyata keçirilməsinə təsir göstərmək cəhdidir. Ermənistan ərazisində reallaşdırılması nəzərdə tutulan bu marşrutun uğuru ilk növbədə İrəvanın siyasi iradəsindən və təhlükəsizlik mühitindən asılıdır. Rusiya isə əlində olan siyasi və hərbi təsir vasitələrindən istifadə etməklə regiondakı mövqelərini qorumağa çalışır. Bu da Cənubi Qafqazda əlavə gərginlik riskləri yaradır. Göründüyü kimi, Moskva hələlik Zəngəzur dəhlizi ilə bağlı proseslərdən kənarda qalmaq niyyətində deyil və regionda təsir imkanlarını qorxmağa çalışır".
Cavanşir Abbaslı
Musavat.com






