2026-cı ilin birinci yarısında neft-qaz sektorundan vergi şəklində dövlət büdcəsinə 1 milyard 778,2 milyon manat daxil olub.
Musavat.com-un Maliyyə Nazirliyinin açıqladığı məlumatlar əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 507,9 milyon manat və ya 22,2 faiz azdır.
Məlumata görə, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 47,4 faizi və ya 843,5 milyon manatı(ötən ilin eyni dövründə 897,6 milyon manat) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi(1 milyard 203,9 milyon manat), 11,5 faizi və ya 204,3 milyon manatı ABƏŞ-in mənfəət vergisi(184,6 milyon manat) olub.
Beləliklə, aydın olur ki, “Şahdəniz”dən büdcəyə vergi daxilolmaları 40 faizə yaxın, SOCAR-ın vergi ödənişləri 6 faiz azalıb.
Bu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli yatağından neft ixracı 100 min ton azalsa da, ABŞ-İran münaqişəsinin neft qiymətlərini kəskin artırması nəticəsində şirkətlərin mənfəəti kəskin artıb. Nəticədə, bu yataqda işləyən şirkətlər dövlət büdcəsinə ötən ilkindən 19,7 milyon manat, yaxud 10,8 faiz çox mənfəət vergisi ödəyiblər.
Eyni zamanda SOCAR-ın neft ixracı ötən ilin 6 ayındakı 1,4 milyon tondan iki dəfə azalaraq 0,7 milyon tona düşsə də, yüksək qiymətlər səbəbindən dövlətə vergi ödənişlərində cüzi azalma qeydə alınıb.
“Şahdəniz”dən büdcə ödənişlərinin azalması isə yataqda işləyən şirkətlərin mənfəət vergisi ödənişlərinin hesablanması mexanizmində dəyişiklikdən xəbər verir. Belə ki, indiyədək şirkətlərin vergi ödənişləri yüksək olsa da, yataqdan dövlətə çatacaq mənfəət – Dövlət Neft Fonduna daxilolmalar cüzi məbləğlərlə ifadə olunurdu. Lakin bu ilin birinci yarısında Fondun bu mənbədən gəlirləri 3,3 faiz artaraq 437,1 milyon manata çatıb.
Musavat.com






