İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyətin zirvəsindən həbsxanaya - Ceyhun Cəfərovun DOSYESİ

985 28.07.2026 15:27 Kriminal A A

Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən, ölkə rayonlarının rəhbərliyi etibar olunan bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar.

Onların bəziləri uzun illər toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasına rəhbərlik edib, kimisi ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.

Musavat.com-un "Hakimiyyətin zirvəsindən həbsxanaya" silsiləsində bu dəfə 2020-ci ilin avqustunda Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilmiş səs-küylü əməliyyat nəticəsində həbs olunan icra başçısı Ceyhun Cəfərovun dosyesini təqdim edirik.

Saxlanılan İcra başçısı Ceyhun Cəfərov kimdir? - DOSYE

1965-ci il təvəllüdlü Ceyhun Cəfərov uzun illər dövlət qulluğunda çalışıb. Müxtəlif vəzifələrdə fəaliyyət göstərdikdən sonra 2011-ci ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, 2014-cü ildə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Onun rəhbərliyi dövründə rayonda yol tikintisi, abadlıq-quruculuq işləri, sosial obyektlərin inşası, kənd təsərrüfatının inkişafı və infrastruktur layihələri ilə bağlı çoxsaylı rəsmi məlumatlar yayılırdı. Həmin dövrdə görülən işlər dövlət proqramlarının icrası kimi təqdim edilsə də, sonradan aparılan istintaq tamam fərqli mənzərə ortaya çıxardı.

2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətində xüsusi antikorrupsiya əməliyyatı keçirdilər.

Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldılar.

İctimaiyyətə təqdim olunan videogörüntülər ölkədə böyük əks-səda doğurdu. Xidməti otaqlarda və müxtəlif ünvanlarda aparılan axtarışlar, aşkar olunan pul vəsaitləri, sənədlər və digər sübutlar uzun müddət medianın əsas gündəm mövzularından biri oldu.

Bu əməliyyat həmin dövrdə Neftçala, Biləsuvar, Ağstafa, Yevlax və digər rayonlarda həyata keçirilən analoji antikorrupsiya tədbirlərinin davamı hesab olunurdu. İstintaqın gəldiyi nəticəyə görə Kürdəmirdə uzun illər davam edən korrupsiya mexanizmi formalaşdırılmışdı. Cinayət işində Ceyhun Cəfərov və digər təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma, habelə vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürüldü. İttihama əsasən, torpaq sahələrinin ayrılması, tikinti üçün razılıqların verilməsi, sahibkarlıq subyektlərinin fəaliyyəti, müxtəlif dövlət sifarişləri və büdcə vəsaitlərinin xərclənməsi zamanı qanunsuz ödəniş sistemi yaradılmışdı.

İstintaq materiallarında qeyd olunurdu ki, rayonun müxtəlif idarə və müəssisələrinə ayrılan büdcə vəsaitlərinin bir hissəsi saxta sənədləşdirmə yolu ilə nağdlaşdırılaraq mənimsənilib. Sahibkarlardan müxtəlif bəhanələrlə pul tələb edilməsi, tikinti və torpaq məsələlərinin qeyri-rəsmi ödənişlər hesabına həll olunması da ittihamın əsas epizodları sırasında idi. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxıldı. Məhkəmə prosesində çoxsaylı şahid ifadələri dinlənildi, maliyyə ekspertizalarının rəyləri tədqiq edildi, sənədlər və maddi sübutlar araşdırıldı. İttiham tərəfi dövlətə külli miqdarda maddi zərər vurulduğunu bildirdi. Müdafiə tərəfi isə bəzi epizodlarla razılaşmadı və təqdim olunan sübutların bir hissəsinin ittihamı tam təsdiqləmədiyini irəli sürdü.

Araşdırmalar başa çatdıqdan sonra məhkəmə Ceyhun Cəfərovu təqsirli bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Onunla birlikdə mühakimə olunan Tacəddin Novruzov və Natiq Kərimov da 8 il 6 ay, digər təqsirləndirilən şəxslər isə 2 il 6 aydan 8 il 3 ayadək müxtəlif müddətlərə azadlıqdan məhrum olundular. Hökmə əsasən, cinayət yolu ilə əldə edildiyi müəyyən olunan çoxsaylı əmlak xüsusi müsadirəyə götürülüb. Müsadirə olunan siyahıya Bakı şəhərinin Şüvəlan və Türkan qəsəbələrində yerləşən torpaq sahələri, Binəqədi rayonunda mənzil və qeyri-yaşayış obyekti, Kürdəmir rayonunun Atakişili, Pirili və Karrar kəndlərində yerləşən yaşayış evi və kənd təsərrüfatı torpaqları, eləcə də Kürdəmir şəhərində müxtəlif ünvanlarda yerləşən torpaq sahələri daxil edildi. Məhkəmə dövlətə vurulmuş ziyanın ödənilməsi barədə də qərar qəbul etdi. Sonrakı mərhələdə Ceyhun Cəfərov dövlətə dəymiş ziyanın ödənilməsini təmin etdi. Bu hal yuxarı instansiya məhkəmələri tərəfindən yüngülləşdirici hal kimi qiymətləndirildi.

Kürdəmirin keçmiş icra başçısının cəzası azaldılıb

Şirvan Apelyasiya Məhkəməsi onun cəzasını əvvəlcə 6 ilə endirdi. Daha sonra Ali Məhkəmənin qərarı ilə cəza müddəti 4 il 6 ay müəyyən edildi. Məhkum Ceyhun Cəfərov 2 ilini istintaq təcridxanasında, 1 il 2 ayını ümumi rejimli cəzaçəkmə müəssisəsində, 2 ilini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirdi. Son aylarda müəssisə rəhbərliyinin icazəsi ilə müəyyən vaxtlarda müəssisədən kənara çıxmasına da şərait yaradılmışdı. 2025-ci ilin fevralında onun cəza müddəti başa çatdı və azadlığa buraxıldı. Bununla yanaşı, Ceyhun Cəfərov və sabiq birinci müavini Tacəddin Novruzovun 2 il 6 ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaları da qadağan edildi. Cəza müddəti başa çatsa da, hüquqi mübahisələr yekunlaşmadı. Ceyhun Cəfərovun həyat yoldaşı Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinin xüsusi müsadirədən çıxarılması və üzərinə qoyulmuş həbsin ləğvi tələbi ilə məhkəməyə müraciət etdi. Şirvan Apelyasiya Məhkəməsi şikayəti araşdıraraq təmin etmədi və birinci instansiyanın hökmünü qüvvədə saxladı. Beləliklə, həmin torpaq sahəsi dövlət mülkiyyətinə keçirilmiş əmlaklar siyahısında qaldı.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR