ABŞ-də keçirilən yeni ictimai rəy sorğusu göstərir ki, amerikalıların İranla davam edən müharibəyə dəstəyi son aylarda ən aşağı səviyyəyə enib. Respondentlərin böyük əksəriyyəti prezident Donald Trampın bu münaqişənin məqsədlərini cəmiyyətə kifayət qədər aydın izah etmədiyini düşünür.
“Reuters” və “Ipsos International Services” tərəfindən iyulun 24-26-da keçirilən sorğunun nəticələrinə əsasən, beş aydır davam edən qarşıdurma fonunda İranla müharibəyə ictimai dəstək nəzərəçarpacaq dərəcədə zəifləyib. Araşdırmaya görə, sorğuda iştirak edənlərin 69 faizi, o cümlədən Respublikaçılar Partiyasının tərəfdarlarının 40 faizi hesab edir ki, Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının məqsədini kifayət qədər aydın əsaslandırmayıb. Qeyd edilir ki, Tramp daha əvvəl çıxışlarında İran xalqına hakimiyyət dəyişikliyi prosesində dəstək vermək, Tehranın ballistik raket imkanlarını məhdudlaşdırmaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduqlarını bəyan edib.
Ağ Evin mətbuat katibinin müavini Oliviya Uells isə bildirib ki, prezident qərarlarını ictimai rəy sorğularına əsaslanaraq qəbul etmir. Onun sözlərinə görə, Donald Tramp üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.
“Amerika xalqı üçün ən vacib məsələ onların təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atan ali baş komandanın olmasıdır”, – deyə Uells vurğulayıb.
Sorğunun nəticələri göstərir ki, Donald Trampın fəaliyyətinə dəstək müəyyən qədər artsa da, göstərici hələ də aşağı səviyyədə qalır. Belə ki, prezidentin reytinqi iyunun sonunda qeydə alınan 34 faizdən 37 faizə yüksəlib. Bununla belə, bu, onun 2025-ci il yanvarın 20-də vəzifəyə başlamasından bəri ən zəif göstəricilərdən biri hesab olunur.
1248 ABŞ vətəndaşı arasında keçirilən sorğu həmçinin göstərib ki, fevralın 28-də başlanmış ABŞ-İsrail hərbi əməliyyatlarına ictimai dəstək 40 faizlik həddi belə keçməyib. Bu göstərici Vaşinqtonun son onilliklərdə iştirak etdiyi digər müharibələrlə müqayisədə xeyli aşağıdır.
Müqayisə üçün qeyd olunur ki, 2003-cü ildə İraq müharibəsinin ilk mərhələsində amerikalıların təxminən 70 faizi hərbi əməliyyatları dəstəkləyirdi. 2001-ci ildə Əfqanıstan müharibəsinin başlanğıcında isə bu göstərici Gallup sorğularına əsasən təxminən 90 faiz idi.
ABŞ cəmiyyətində İran müharibəsinə dəstəyin sürətlə azalması Ağ Evin siyasətinə necə təsir göstərəcək? Donald Tramp artan narazılıq fonunda Yaxın Şərq strategiyasına yenidən baxmağa məcbur olacaqmı? İctimai rəyin dəyişməsi Vaşinqtonun Tehrana qarşı hərbi və siyasi xəttində yumşalmaya səbəb ola bilərmi? ABŞ daxilində artan etirazlar münaqişənin gələcək gedişinə necə təsir edəcək?

Politoloq Çingiz Şahbazi hesab edir ki, bu, yalnız prezident Trampa etimadsızlıq kimi başa düşülməməlidir:
“Müharibənin məqsədlərinin cəmiyyətə aydın izah edilməməsi seçicilər arasında hesab olunur ki, İranın nüvə proqramının dayandırılması və rejimin davranışlarının dəyişdirilməsi, regional təhlükənin azaldılması kimi elan olunan hədəflərin hansı ölçüdə reallaşdığı aydın deyil. Bundan əlavə, müharibənin maliyyə və iqtisadi baxımdan yükü var və bu xərclər böyük rəqəmlərlə ifadə olunur. Enerji qiymətləri, büdcə xərcləri və yeni uzunmüddətli hərbi öhdəliklər barədə narahatlıq artır. ABŞ cəmiyyətində uzun xarici müharibələrə qarşı emosional yorğunluq var. Bu tendensiya Əfqanıstan və İraq təcrübəsindən sonra daha çox hiss edilməkdədir. Bu baxımdan Tramp administrasiyasının bütün bu baş verənlərə təsiri real olsa da, ictimai narazılıq və yaxud rəy xarici siyasətin əsas xəttini dəyişməyə gücü yetməz. ABŞ-də heç bir dönəmdə ictimai rəy xarici siyasəti müəyyən etməyib. Seçicilər İranla və xüsusilə də Hörmüz boğazında baş verənlərlə bağlı nəticələrdən razı deyillər. Bu səbəbdən diplomatik həll variantlarına ölkədə maraq artıb. Bu baxımdan hökumət ictimai rəyi nəzərə ala bilir və Vaşinqton hərbi təzyiqi tam dayandırmasa da, daha çox diplomatik və çəkindirici strategiyaya üstünlük verir. Hesab edirəm ki, ictimai rəy bundan sonra da bu siyasətin davam etməsinə hökuməti məcbur buraxa bilər. Münaqişənin uzanması Avropanın enerji təhlükəsizliyi və iqtisadiyyatı üçün risk yaradır. Buna görə də böyük ölkələr gərginliyin azaldılmasına və diplomatiyanın gücləndirilməsinə dəstək verirlər. Bütün bunlar Tramp administrasiyasını İran məsələsində manevr imkanlarını məhdudlaşdırır və xüsusilə də dəstəyin azalması Tramp hökuməti qarşısında duran ciddi maneəyə çevrilir. Bu baxımdan qısa müddət ərzində ciddi geosiyasi dönüş gözlənilmir və hesab edirəm ki, ABŞ-nin ictimai rəyində dəyişiklik Vaşinqtonu daha ehtiyatlı hərbi siyasətə sövq edə bilər. Daha çox ehtimal olunan variant odur ki, ABŞ hərbi eskalasiyanın məhdudlaşdırılmasına və diplomatik kanalların genişləndirilməsinə üstünlük verə bilər. Bu da Yaxın Şərqdə qüvvələr balansını kəskin olmasa da, tədricən dəyişməsinə səbəb ola bilər”.
Cavanşir Abbaslı
Musavat.com






