Məlum olduğu kimi, Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin Azərbaycan səfirliyinin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Azərbaycanın Kiyevdəki diplomatik missiyasının strukturunda və xidmət fəaliyyətində isə hər hansı fasilə yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Musavat.com-a bildirib ki, Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir.
Nigar HƏSƏNLİ,
Musavat.com






