Azərbaycanlıların “azəri” adlandırılması məsələsi son bir neçə gündür cəmiyyətdə ciddi və qızğın müzakirələrə səbəb olub. Müzakirələrin başlanmasına ötən həftə parlamentdə deputat Səyyad Aranın səsləndirdiyi fikirlər təkan verib. Deputat çıxışı zamanı bildirib ki, “azəri” sözü bizə aid deyil və bu termin İranda yaşayan etnik azlığa aiddir. Bu açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb: deputatın fikirlərinə qarşı çıxanlar da olub, onunla həmfikir olanlar da.
Müzakirələr fonunda məşhur türk tarixçisi İlber Ortaylının illər əvvəl səsləndirdiyi fikirlər də yenidən gündəmə gəlib. Ortaylı bildirib ki, türklər arasında “azəri” adlı ayrıca bir millət yoxdur və bu anlayış sovet dönəmində, Stalin tərəfindən uydurulmuş termin kimi formalaşdırılıb. Bu yanaşma da mövzu ətrafında gedən polemikanı daha da alovlandırıb.
Bəs cəmiyyətimiz bu məsələ barədə nə düşünür? Azərbaycanlıların “azəri” adlandırılması əslində nə məna daşıyır və bu termin kimliyimizi hansı formada ifadə edir? Məlumdur ki, Türkiyədə bizi əksər hallarda “azəri” kimi tanıyır və bu da bir çox insanımızda narazılıq və etiraz doğurur.
Bəs əslində necə olmalıdır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






