İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda satıcı alıcını mağazadan qovdu – Paltar yerə düşmüşdü 

871 13.11.2025 15:04 Ölkə A A

Bakı şəhər sakini N. Hüseynova “AF Mall” ticarət mərkəzində yerləşən “Lina Butik” mağazasından təhqir olunaraq, qovulduğunu bildirib.

Bu barədə Musavat.com-a müraciət edən paytaxt sakini iddia edir ki, 12 noyabr 2025-ci il tarixində mağazada paltarlara baxarkən satıcı tərəfindən açıq şəkildə təhqir olunub:

“Mağazada ziyafət geyimlərinə baxdığım zaman asılqandakı geyimlərdən biri yerə düşdü və mən geyimi normal şəkildə götürmüşdüm. Satıcı “səliqəli götürün” dedikdə “kənardakı geyimlər asılqanda tam oturmadığından yerə düşür”,- deyə bildirdim. Həmin şəxs asılqanla paltarı əlimdən alaraq “çıxın buradan” dedi. Mən bunun səbəbini soruşanda,- “sizə satılmır çıxın”,- deyərək mağazadan çıxmağımı tələb etdi. Mən mağazanın sahibi kimdir soruşanda özünün olduğunu bildirdi. Mən də bu şəkildə müştəri ilə danışacaq birinin mağaza sahibi ola bilməyəcəyini dedikdə, o məni digər müştərilərin içində yüksək səslə “xəstəsən”, “gicsən” kimi ifadələrlə təhqir etdi.

Bu davranış açıq-açığına müştərinin alçaldılması, etik normaların və istehlakçı hüquqlarının pozulmasıdır. Hadisə butikdə, başqa müştərilərin qarşısında baş verib. “AF Mall”un “İnstagram”da qeyd edilən əlaqə nömrəsinə zəng edərək belə halda nə kimi müdaxilə edə biləcəklərini soruşdum , onlar məsuliyyəti üzərlərinə götürmədilər və bildirdilər ki, sadəcə obyekt icarəyə verən tərəfdirlər, digər məsələlərə qarışmırlar.

Xahiş edirəm, “Lina Butik” mağazasının fəaliyyətinə hüquqi qiymət verilsin və belə halların təkrarlanmaması üçün tədbir görülsün”, -deyə şikayətçi xanım bildirib.

Sözügedən şikayətlə bağlı mağazanın sahibi Musavat.com-a açıqlama verib: "Digər müştərilər geyimlərə baxırdılar. Bu xanım onlara deyirdi ki, geyimlər sizə yaraşmır, bu, necə parçadır və s. Mən həmin xanım müştəriyə yaxınlaşdım və dedim ki, sizə necə kömək edə bilərəm? O isə mənə cavab vermədi, çantasını və üst geyimini divanın üzərinə qoyub, şikayətlənməyə başladı. Daha sonra geyimlərdən biri yerə düşəndə mənə yüksək səslə “bu donları düzgün asın da” dedi. Artıq səbrim tükəndi və ona iki dəfə “zəhmət olmasa, mağazanı tərk edin, digər müştəriləri narahat edirsiniz” dedim. Amma o, çıxmadı və müdiri soruşdu. Ona müdirin özüm olduğunu bildirdim. Cavabı belə oldu: ”Sən burada müdir ola bilməzsən”. Ona dedim ki, mağazadan çıxsın. Əgər kimsə gəlib mənim mağazamda artıq-əskik hərəkət edirsə, onu əlbəttə, oradan çıxardacağam”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, belə şikayətlər olan zaman dövlət orqanları bildirir ki, mağaza sahibkarın öz ərazisində yerləşir və necə istəyirsə, elə də davranır: “İki adam arasında mübahisə olub və buna qiymət vermək asan deyil. Belə özbaşınalıqlar restoranlarda da yaşanır. Nazirlər Kabinetinin qərarları olmalıdır və bunların qarşısı alınmalıdır. Belə şikayətlər çox olur. Şikayətçi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsin, bəlkə, o zaman hansısa tədbir görüldü”, -deyə E. Hüseynov bildirib. 

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR