Azərbaycanın qonşusu olan dövlətlərlə münasibəti, Bakının Kiyevə hərbi yardım göstərdiyi barədə cəfəng iddiaların təkzibi
Hikmət Hacıyevin Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin regionda sülhün təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı fikirlərindən bəhs edən məqalə dərc olunub.
“Brussels Signal” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin regionda sülhün təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı fikirlərindən bəhs edən məqalə dərc olunub.
Modern.az xəbər verir ki, məqalədə Azərbaycanla Avropa İttifaqı arasında dialoq uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqamətinin dəyişdiyi və iqtisadi sahələrin ön plana çıxdığı vurğulanıb. 2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin faktiki olaraq başa çatdığı bildirilib. Məqalədə etnik ermənilərin böyük hissəsinin regionu tərk etdiyi və artıq iki ölkənin birgə infrastruktur layihələri üzərində işləmək imkanına malik olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk”, - fikri oxucuların diqqətinə təqdim olunub. Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çinlə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb. Eyni zamanda ABŞ-nin layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış etdiyi və dəhlizin bir seqmentinə Prezident Trampın adının verildiyi qeyd olunub.
Məqalədə həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.
Yazıda Azərbaycanın Qərb tərəfindən sanksiyaya məruz qalan Rusiya və İran arasında yerləşməsinin regiona öz təsirini göstərdiyi də bildirilib. Bu çərçivədə SOCAR-a məxsus enerji obyektlərinə və Azərbaycanın Kiyevdəki səfirliyinin binasına Rusiyanın hava zərbələrinin endirildiyi, eyni zamanda Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun törədildiyi xatırlanıb. Hikmət Hacıyevin Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə və səfirliyin binasına zərbələrin endirməsinin qəza nəticəsində vurulmuş zərər olduğunu qeyd etdiyi bildirilib. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda məsuliyyət daşıyan şəxslərdən birinin edam edildiyi də xüsusi vurğulanıb.
Qeyd edək ki, “EU Today” nəşri də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bir qrup avropalı jurnalistlə Brüsseldə keçirdiyi görüşdən sonra məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, H.Hacıyev Bakının Ukraynadakı müharibəyə qarışmayacağını bir daha vurğulayıb. “Azərbaycan açıq şəkildə bildirir ki, bu münaqişənin heç bir hərbi komponentinə cəlb olunmayıb və olmayacaq. Əvəzində prezidentin köməkçisi humanitar yardım və enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. 2022-ci ildən bəri Bakı Kiyevə humanitar yardım, yenidənqurma dəstəyi və müharibədən zərər çəkmiş uşaqlar üçün proqramlar da daxil olmaqla 40 milyon dollardan çox yardım edib. Prezidentin köməkçisi Azərbaycanın Rusiyaya tətbiq edilən sanksiyalardan yan keçməyə köməklik etdiyi barədə iddiaları rədd edib”, - deyə məqalədə bildirilir.

Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov H.Hacıyevin xüsusilə Azərbaycanın qonşu dövlətlərlə olan münasibətlərlə bağlı toxunduğu məsələləri mühüm hesab edir. Onun sözlərinə görə, H.Hacıyev mövcud vəziyyətə toxunaraq İranla Azərbaycan arasındakı çətin dövrün başa çatdığını bildirib.
Deputat onu da qeyd edib ki, Məsud Pezeşkianın İranda prezident seçilməsi ölkələrimiz arasındakı siyasi kursa da yeniliklər gətirib: “Səfirliyimizə qarşı törədilmiş terror aktında iştirak edən şəxsin edam olunması və Araz çayı üzərində tikintisi tamamlanmaqda olan Ağbənd-Kəlaleh avtomobil körpüsünün cari ilin sonuna qədər başa çatdırılması istiqamətində işlərin yekunlaşdırılması mərhələsində olması və gələn ildən gömrük məntəqələrinin infrastrukturunun yaradılması istiqamətində işlərin planlaşdırılması Azərbaycanla İran arasında qonşuluq, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə yeni səhifə açır”.
Deputat deyib ki, Rusiya bizim yaxın qonşumuzdur və ölkələrimiz arasında qarşılıqlı hörmət və fayda əsasında münasibətlərin inkişafında maraqlıyıq: “AZAL təyyarəsinin vurulmasından sonra ölkələrimiz arasında müəyyən bir dövrdə gərginliklər yaşandı. Prezidentlərin Düşənbə görüşündə Vladimir Putin bu məsələlərə aydınlıq gətirmiş və ilin sonuna qədər müvafiq addımların atılacağını bildirmişdi. Azərbaycan Rusiyadan bu istiqamətdə gözləntiləri var. Bu məsələ öz həllini tapandan sonra Azərbaycanla Rusiya arasında fikir ayrılıqları qalmayacaq. Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı səsləndirilən fikirlər də Hikmət Hacıyevin dediyi kimi, əsassızdır. Azərbaycan Ukraynaya ancaq humanitar yardımlar göndərir. Biz müharibədən əziyyət çəkən ölkə olaraq belə vəziyyətlərdə mülki şəxslərin humanitar dəstəyə necə ehtiyac duyduğunu çox yaxşı bildiyimizdən bu dəstəyi göstəririk. Həm də beynəlxalq ictimaiyyətin üzvü olaraq müharibələrdə əziyyət çəkən mülki insanlar üçün humanitar dəstəyin göstərilməsini özümüzə mənəvi borc bilirik. Amma təəssüf ki, Azərbaycan müharibələrdən əziyyət çəkəndə bizə heç bir xarici tərəfdaş tərəfindən hər hansı humanitar yardım göstərilməyib. Qaldı ki, Qərbin Azərbaycan haqqında Rusiyaya sanksiyalardan yayınmasına kömək etməklə bağlı iddialarının dövriyyəyə buraxılmasına, bu da tamamilə əsassızdır. Bunu Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsindən də görmək mümkündür. Belə ki, 2022-ci ildə bu dövriyyə hansı həddə idisə, 2025-ci ildə də cüzi artımlar olmaqla təxminən həmin aralıqlarda qalmaqdadır. Bu da Azərbaycanın Rusiyanın sanksiyalardan yayınmasında heç bir fəaliyyəti olmadığını təsdiq edir”.

Mübariz Göyüşlü
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan həm Rusiya, həm də İranla qonşudur və bu ölkələrin heç biri ilə düşmənçilik etmək niyyətində deyil: “Biz xüsusilə Rusiya ilə normal qonşuluq münasibətlərini üstün tuturuq. Azərbaycan gərginlik və anlaşılmazlıq dolu səhifəni çevirməyə hazırdır. Azərbaycan hadisələrə belə yanaşır və gələcəkdə oxşar halların baş verməməsini arzu edirik. Düşünürəm ki, Rusiyanın siyasi elitası da iki ölkə arasında münasibətlərin tam normallaşmasında maraqlıdır və bunun üçün lazımi addımları atacaqlar”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






