Böyük Britaniya gizli şəkildə Ukraynaya paraşütçülər yerləşdirib. Onların Ukraynada hansısa silahı sınaqdan keçirdikləri bildirilir.
Musavat.com xəbər verir ki, məlumatı Press Association(PA) agentliyi yayıb. Bildirilir ki, bu yerləşdirmə yalnız Ukrayna təlim poliqonunda baş verən qəzada Britaniya əsgərinin ölümündən sonra ictimaiyyətə açıqlanıb.
Dekabrın 9-da Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynada döyüş zonasından uzaqda yeni növ silahın sınaqdan keçirilməsində iştirak edən hərbçinin ölümünü elan edib. Daha sonra mərhumun şəxsiyyəti açıqlanıb: Britaniya Ordusunun Paraşüt Alayında xidmət edən 28 yaşlı kapral Corc Huli.
O, xidmətinə 2015-ci ildə başlayıb və o vaxtdan bəri Əfqanıstan, Afrika və Şərqi Avropada xidmət edib. Yanvar ayında kapral rütbəsinə yüksəldilməsi planlaşdırılırdı. Britaniya hakimiyyəti Hulinin batalyonunu açıqlamayıb. PA-nın məlumatına görə, Paraşüt Alayının 1-ci batalyonu Xüsusi Təyinatlı Qüvvələrə, digər ikisi isə birbaşa ordu ilə əlaqəlidir.
The Guardian qəzetinin məlumatına görə, Ukraynada 100-dən çox Böyük Britaniya əsgəri var. Qəzet vurğulayıb ki, Britaniya hakimiyyəti Rusiyanın bundan "təbliğat məqsədləri" üçün istifadə etməsinin qarşısını almaq üçün bu faktı gizlədir.
Musavat.com






