İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu qadağalar müasir informasiya çağırışlarına verilən adekvat cavabdır” – Media ekserti

593 16.01.2026 23:59 Dünya A A

“Sosial şəbəkə platformalarındakı paylaşımlar təkcə fərdi davranış məsələsi deyil, eyni zamanda, cəmiyyətin ümumi mənəvi mühitinə, xüsusilə gənclərin, həmçinin, yetkinlik yaşına çatmayan şəxslərin dünyagörüşünə mənfi təsir göstərən amildir. Dövlətin bu sahədə hüquqi çərçivəni dəqiqləşdirməsi ictimai maraqların qorunması baxımından zəruridir. Bu kontekstdə yanaşsaq, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna etdiyi son dəyişikliklər Azərbaycanda rəqəmsal mühitin hüquqi tənzimlənməsi üçün mühüm mərhələ hesab oluna bilər”.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliyi zəruriliyi və nəticələrinin necə olacağı barədə Musavat.com-a şərhində bildirib.

O qeyd edib ki, saytlarda və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyatın təhqiri və milli-mənəvi dəyərlərə zidd davranışların qadağan edilməsi müasir informasiya çağırışlarına verilən adekvat cavabdır: “Sosial şəbəkələrin və saytların təsir dairəsi sürətlə artır. Son statistikaya görə, dünya əhalisinin 70 faizə yaxını bu platformalardan istifadə edir. Azərbaycanda da durum təqribən buna yaxındır, əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir. Bu cür geniş auditoriyaya malik platformalarda söyüş, təhqir, kobud jestlər, əxlaqsız ifadələr və etik normalara zidd məzmunun yayılması ciddi narahatlıq doğurur.

Qanunvericiliyin əvvəlki variantlarında sosial şəbəkələrdə etik və mənəvi dəyərlərə zidd paylaşımlara görə məsuliyyət yaradan normalar müxtəlif qanunlarda pərakəndə şəkildə mövcud idi. Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-cü maddəsi bu prinsipləri ümumiləşdirilmiş şəkildə ehtiva edirdi: “qanunla yayılması qadağan edilən informasiyaların onlayn resurslarda yerləşdirilməsi”ni yasaqlayırdı. Lakin bu qadağanın praktik tətbiqi üçün digər normativ aktlara istinad zərurəti yaranırdı ki, bu da sıravi istifadəçilər üçün anlaşılan deyildi. Nəticə etibarilə, bu cür hüquqi boşluqlar kütləvi qanun pozuntuları üçün yol açırdı. İndi Prezident tərəfindən təsdiqlənən dəyişikliklər bu boşluğu aradan qaldırır. Artıq “ictimai mənəviyyata və milli-mənəvi dəyərlərə zidd” və “cəmiyyətə açıq hörmətsizlik” anlayışları konkret hüquqi nəticələr doğuran kateqoriyalar kimi müəyyənləşdirilir.

Qanuna görə, söyüş, təhqir, əxlaqsız jestlər, bədən hissələrinin etik normalara zidd nümayişinə görə 500 manatdan 1000 manat cərimə və ya 30 günədək inzibati həbs tətbiq olunması nəzərdə tutulub”.

Ekspertin sözlərinə görə, bu dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, internet mühiti “boz zona” statusundan çıxarılaraq real hüquqi məsuliyyət məkanına çevrilir: “Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri sağlam informasiya mühitinin formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına və rəqəmsal davranış mədəniyyətinin yüksəlməsinə xidmət edir. Gözlənilir ki, yeni hüquqi çərçivə sosial şəbəkə istifadəçilərini daha məsuliyyətli davranışa sövq edəcək, ictimai münasibətlərdə etik sərhədlərin möhkəmlənməsinə töhfə verəcək”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR