47 ildir bölgədə fitnə-fəsad siyasətini yürüdən, din pərdəsi altında maskalanmış şovinist siyasət həyata keçirən İran molla rejiminin sonu yaxınlaşır.
Sonlarının yaxınlaşdığını hiss edən molla rejimi bundan iki ay öncə öz vətəndaşlarını qanına qəltan edərək 30 mindən yuxarı etirazçının həyatına son qoydu. İndi isə ətraf ölkələrə, qonşulara zəhər saçmağa başlayıb. Siyasi ekspertlər hesab edir ki, İran rejiminin bu davranışı, əslində, qürub çağını yaşamalarından, tarixin arxivinə göndərilmək üzrə olduqlarını bildiklərindən irəli gəlir.
Eyni zamanda rejimin xisləti tam çılpaqlığı ilə özünü göstərir. Sonunun çatdığını görməkdə olan İran rejimi düşünmək və düzgün, məntiqli addımlar atmaq qabiliyyətini itirib. Nəticədə bütün İran xalqı və o cümlədən İran əhalisinin demək olar ki, yarısını təşkil edən Cənubi Azərbaycan türklərinin taleyi məsələsi günün ən vacib məsələsinə çevrilir. 40 milyona yaxın Cənubi Azərbaycan əhalisi öz taleyinin molla rejiminin məntiqsiz, ağılsız qərarlarından asılı halda qalmasının böyük təhlükə olduğunu yəqin ki, tam şəkildə qətiləşdirəcəklər.
Və bütün istiqamətlərdə Cənubi Azərbaycan ayağa qalxmalıdır, yaranmış bu tarixi fürsətdən istifadə edərək öz taleyini həll etməlidir, müstəqilliyinə qovuşmalıdır. Cənubi Azərbaycan türkləri uşaqdan böyüyə ayağa qalxmalıdır, uçuruma yuvarlanan molla rejimin layiq olduğu cavabı verməlidir.
47 ildir İrandakı molla rejimi azərbaycanlılara qənim kəsilib, soydaşlarımızı bütün hüquqlardan məhrum edib, daim təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılıb, edam edilib. Həm də məhz buna görə, artıq bu nankor molla rejimini tarixin arxivinə gömməyin vaxtıdır.
İran rejimi onilliklərdir özünü “islami ədalət modeli” kimi təqdim etsə də, ölkə daxilində milyonlarla azərbaycanlının üzləşdiyi reallıq bu ritorika ilə ziddiyyət təşkil edib. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dili, mədəni kimliyi və siyasi təmsilçiliyi məsələləri illərdir sistemli şəkildə görməzdən gəlinir.
İran Konstitusiyası yerli dillərin istifadəsinə müəyyən çərçivədə icazə versə də, ana dilində tamhüquqlu təhsil sistemi formalaşdırılmayıb. Xüsusən azərbaycanalılara ana dilində oxumaq, yazmaq qadağandır. On milyonlarla insanın öz milli kimliyini ifadə etməsinə imkan verilmir.
Bu diskriminasiyaya birdəfəlik son qoymaq və rejimdən xilas olmaq üçün 47 ildə ən unikal şans yaranıb. Soydaşlarımız bu şansı əldən verməməlidirlər. Bu şansdan istifadə etməmək tarixlərinin ən böyük yanlışı olar.
Etibar Seyidağa,
Musavat.com






