ABŞ siyasətinə bir qədər uzaqdan baxanlar üçün bəzən belə görünür: seçkilər gəlir, gedir, partiyalar dəyişir, amma ölkənin qlobal gücü dəyişmir. Lakin Vaşinqton nə qədər uzaq olsa da, orada baş verən proseslər həm bazarlara, həm təhlükəsizlik arqumentlərinə, həm də regionlara təsir etdiyi üçün dünya siyasətinin bu hissəsi diqqətdən yayınmır. Ona görə də 2026 ara seçkiləri ABŞ daxilində sadəcə parlament qovğası kimi deyil, həm də Donald Tramp dövrünün xarici siyasət kursunun test meydanı kimi görünür. Dünyanın ən güclü dövlətində seçki yarışı qlobal gündəmin necə dəyişəcəyinə dair siqnallarla müşahidə olunur. Bu cür proseslərə dair xəbərlər ənənəvi olaraq xüsusi maraq doğurur.
Bu mənzərədə Demokratlar 2024 seçkilərindən sonra yaşadıqları məğlubiyyətin ardınca Senata qayıdış üçün yeni plan hazırlayıblar.
Musavat.com xəbər verir ki, partiyanın Senatdakı azlıq lideri Çak Şumer Politicoya müsahibəsində planın mərkəzində “dörd əsas ştatın dayandığını deyib.
Bunlar Şimali Karolina, Meyn, Ohayo və Alyaskadır.
Şumerin fikrincə, bu dörd ştat Demokratların yenidən çoxluq yaratması üçün açar rolunu oynaya bilər. Bu həvəsin əsasını həm bir neçə uğurlu namizəd dəvəti, həm də Prezident Trampın ictimai reytinqindəki dəyişikliklər təşkil edir. Demokratik Senatorial Kampaniya Komitəsi də (DSCC) bu strategiyanı təsdiqləyən mətnini Politicoya təqdim edib.
Əlbəttə, bu yolun asan olmadığına dair faktlar çoxdur. Tramp 2024-də Ohayo və Alyaskada iki rəqəm fərqlə qalib gəlib; Şimali Karolinada Demokratlar sonuncu dəfə 2008-ci ildə Senat mandatını qazanıblar; Meyndə isə Respublikaçı Susan Kollinz 2020-də rəqibini 9 faiz fərqlə məğlub edib. Yəni bu xəritə yalnız siyasi deyil, tarixi və demoqrafik çətinliklərlə yüklüdür.
Buna baxmayaraq, Şumer bu seçkiləri 2006 ilə müqayisə edir. Həmin il Demokratlar həm Nümayəndələr Palatasını, həm də Senatı İraq müharibəsinə qarşı narazılığın fonunda qazanmışdılar. Şumer bu dəfə sual edir: 2026 üçün Amerikanın sualı nə olacaq? Onun cavabı belədir: qiymətlər və yaşayış xərcləri. Demokratlar kampaniyanı bu mövzunun üzərində qurmaq istəyirlər. Tramp administrasiyasının isə diqqəti daha çox Venesuela və İran kimi xarici fokuslara yönəlir. Politico qeyd edir ki, bu balans seçki üçün mühüm olacaq.
Demokratların planı təkcə hücumdan ibarət deyil. Onlar həm də öz mövqelərini qorumağa məcburdurlar. Partiya daxilində də ciddi fikir ayrılıqları var.. Demokratların bəzi bölgələrində sərt ilkin seçki yarışması gedir. Məsələn, Meyndə sosial mediada populyarlaşmış namizəd Qrehem Platnerin sürətlə 5 milyon dollardan çox vəsait toplaması partiya strukturunda müəyyən narazılıqlar yaradıb. Eyni zamanda, Senat daxilində “Fight Club” adlandırılan qrupun Miçiqan və Minnesota kimi ştatlarda Vaşinqtonun sevmədiyi namizədləri müdafiə etməsi də diqqət çəkir.
Politiconun yekun qiymətləndirməsində bu bənd yer alır: Demokratlar üçün xəritə çətin, amma qazanıla biləndir. Nəticə isə təkcə Senatın kimə məxsus olacağını deyil, həm də Tramp administrasiyasının xarici siyasət xəttinin davamını müəyyən edə bilər.
Musavat.com






