İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SON DƏQİQƏ Suriya AÇIQLAMASI

693 20.02.2026 12:20 Son xəbər A A

Deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat fevralın 17-də ICESCO-nun baş qərargahında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriyada təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını söyləyib:

“Sənədə əsasən, Azərbaycan Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisini və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmirini həyata keçirəcək. Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün platformalarda missiyasını böyük uzaqgörənliklə həyata keçirir”.

ceyhun.jpg (76 KB)

Ceyhun Məmmədov əlavə edib ki, Azərbaycan ilk gündən Suriyaya qardaş dəstəyini göstərib, qaz ixracına başlayıb, infrastrukturun bərpasında iştiraka hazır olduğunu bəyan edib:

“Eyni mövqeni Azərbaycan qardaş Türkiyədə zəlzələ baş verərkən də nümayiş etdirdi. Qardaş ölkəyə tam dəstəyini ifadə edən ilk ölkələrdən biri oldu. Kahramanmaraş şəhərinin yenidən qurulmasında fəal iştirak etdi, orada ayrıca şəhərcik saldı.

Azərbaycan Fələstin məsələsində də hər zaman öz mövqeyini açıq ifadə edib, nümayəndəlik açıb, məktəb inşa edib. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində qarşısına Qəzzanın bərpası məqsədini qoyan Sülh Şurasının təsisçilərindən biridir”.

Deputat bildirib ki, bütün bunlar eyni zamanda Azərbaycanın həm Türk dünyasının, həm də müsəlman dünyasının birlik və həmrəyliyinə növbəti mühüm töhfəsidir:

“İllər öncə Azərbaycan torpağı işğal olunan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkə idi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün bu təhlükələri dəf etdi. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək torpaqlarımızı azad etdi, Azərbaycanı torpağı işğal olunan dövlətdən müstəqil və suveren dövlətə çevirdi. Bu gün isə Azərbaycan dünyada sülhün bərpasını qarşısına məqsəd qoymuş Sülh Şurasının təsisçilərindən biridir.

Dünən Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün bütün dünya Azərbaycanın tarixi nailiyyətlərini heyranlıqla izləyir. Bütün bunlara Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində nail olub. Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz. Bunu hər kəs bilməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR