Məşhur idmançı, keçmiş deputat Alina Kabayevanın atası Marat Kabayev “Rosneft”in Taymırdakı ən böyük neft və qaz yatağında fəaliyyət göstərən “Taimyr Invest” logistika şirkətinin 25%-ni əldə edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sövdələşmə 4 martda baş tutub: pay şirkətin əsas səhmdarı Elvira Vadutovna Həziyevadan alınıb. Səhmin nominal dəyəri 250.000 rubl təşkil edib.
Bildirilir ki, keçmiş futbolçu Marat Kabayev “Taimyr Invest”in inkişafında strateji tərəfdaş kimi iştirak etməyi və sosial yönümlü biznes modeli qurmağı planlaşdırır.
Şirkətin iş elanlarına görə, “Taimyr Invest” “Rosneft”in Taymırdakı “Vostok Oil” layihəsində iştirak edir. Hökumət yatağın işlənməsi üçün təxminən 12 trilyon rubl investisiya qoymağı planlaşdırıb.
Rosneft-in baş direktoru İqor Seçin qeyd edib ki, bu dünyanın ən böyük neft və qaz layihəsidir, yataqda 6,5 milyard ton neft və təxminən 10 trilyon kubmetr qaz var.
Qeyd edək ki, Marat Vazixoviç Kabayev (tatarca: Marat Vazíh uglı Qabayev) 27 may 1961-ci ildə Özbəkistanın Surxandərya vilayətinin Uzun şəhərində anadan olub. O, 11 may 2016-cı ilə qədər Rusiya Federasiyası Müsəlman Sahibkarlar Assosiasiyasının prezidenti olub. 2017-ci ilin fevral ayından etibarən təsis etdiyi Beynəlxalq İslam Biznesi Assosiasiyasına rəhbərlik edir.
M.Kabayevin qızı Alina Kabayeva Rusiya prezidentinin qeyri-rəsmi həyat yoldaşıdır.
Musavat.com






