İnsanlara hürriyət, millətlərə istiqlal!

Əczaçı qıtlığı: problemin kökündə nə dayanır?

523 17.04.2024 08:38 Ölkə A A

Farmakoloq: “İnsanların sağlamlığını biznes maraqlarına qurban verənlər...”

Ekspertlər ölkədə əczaçı çatışmazlığının olması ilə bağlı narahatlıqlarını bildirirlər. Qeyd edilir ki,  ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var. Ölkədə apteklərin sayı artsa da, apteklərdə xidməti həyata keçirmək üçün yetərincə əczaçı çatışmır. 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən apteklər iki hissəyə bölünür. Bunlara nəzarət iki fərqli qurum tərəfindən həyata keçirilir. TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyevin sözlərinə görə, apteklərin bir qisminə nəzarət TƏBİB-in, digər hissəsinə isə Səhiyyə Nazirliyinin səlahiyyətindədir: "Dövlət xəstəxanalarında yerləşən xəstəxanadaxili və imtiyazlı apteklərin fəaliyyətinə xəstəxanalar TƏBİB-in nəzdində olduğu üçün TƏBİB və TƏBİB-in müvafiq qurumu olan Dərman və Tibb Vasitələri Departamentinin Əczaçılıq şöbəsi nəzarət edir. Amma pərakəndə satış aptekləri, özəl və ya hansısa şirkət apteklərinə nəzarət isə Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq qurumu olan Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin səlahiyyətindədir".

İlqar Hüseynlinin deputatlığa namizədliyi qeydiyyata alındı – Yeni Çağ Media

 İlqar Hüseynli 

Ekspert İlqar Hüseynli mediaya açıqlamasında deyib ki, ildən-ilə apteklərin sayı çoxalır, amma əczaçılar azalır. Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. Apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb. Ekspert bildirib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yarada bilər. O əlavə edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var. Bununla qismən də olsa çatışmazlıqları aradan qaldırmaq olar.

Azərbaycan Tibb Universiteti | Dosent Aydın Əliyev

Aydın Əliyev 

Tanınmış farmakoloq, dosent Aydın Əliyev mövzu ilə bağlı “Yeni Musavat”a bunları dedi: “Çox təəssüf ki, bu gün aptekə, əczaçılara, dərmanlara çox ehtiyac yaranıb. Problemin kökü əslində buradadır. Niyə dərmanlara bu qədər ehtiyac yaranıb ki, apteklərin sayı çoxalsın, əczaçı qıtlığı yaransın. Məsələyə buradan baxmaq lazımdır. Nə qədər ki, bizim fəsilə uyğun geyimimiz, yerli qidalardan istifadə etmək, ekoloji natarazlıqlar olacaq, bu problem uzun müddət qalacaq. Bakıda atmosferin çirkli olması xəstəlikərin artmasına səbəb olur. Digər tərəfdən, Bakı küləkli şəhərdir, mövsümə uyğun geyinməyəndə qaraciyər, böyrək sistemi, mədə-bağırsaqda problemlər yaranır. Bundan əlavə, "fast-food" deyilən ayaqüstü yeməklər və orada istifadə olunan trans yağlar olduqca zərərlidir. Ümumiyyətlə, yemək təkrar qızardıldıqda və eyni yağda dəfələrlə qızartma yeməklər hazırlamaq çox təhlükəlidir. Çalışmaq lazımdır ki, bitki yağlarını qızartmamaq üçün istifadə olunsun". 

Həkim deyir ki, indi həkim göstərişi olmadan dərman almaq dəb halını alıb: “Dərman prinsipcə zəhərdir. Şərt deyil ki, o dəqiqə öldürə. Həkimsiz dərman qəbul etdikdə mütləq insan bədəninə çox sayda ziyanları ortaya çıxır. Həkimsiz dərman zəhərdir, həkimin əlində zəhər dərman olur. Bu, böyük fəlsəfədir. Digər tərəfdən, şəhərdə nəqliyyat vasitələrində dərmanlar təbliğ olunur. Qəti şəkildə bu düzgün deyil. Anlayırıq, biznes maraqlarıdır. Amma insanların sağlamlığını biznes maraqlarına qurban vermək olmaz. 

Daha bir məsələ ilin fəsilləri ilə bağlıdır, çünki hər fəslin öz əhəmiyyəti var. Bakıda biz demək olar ki, payız fəslini görmürük. Səbəbi? Parklara fikir verin. Ağacların yarpağı, çiçəyi torpağa düşür, o dəqiqə həmin yarpaqları yığışdırırlar. Hələ gəzərək torpağın qatını da zədələyirlər. Əslində meyvənin, yarpağın tökülməsi torpağı qidalandıran amildir. Yarpaqları asfaltdan yığışdırmaq lazımdır. Torpağın təbii qidası ilə qidalanmasının qarşısını almaq lazım deyil. Ona görə getdikcə ağacların quruması baş verir. Yəni təbii yaşıllıqlar getdikcə artmalıdır. Bütün bunlar yerində olarsa, qanunauyğunluq pozulmaz, insanlar sağlam olar, apteklərə müraciət də az olar. Elə bina var ki, aşağısında 3-4 aptek var. Bu, sırf biznes marağıdır. Bütün bunların qarşısını necə almaq olar? Səhiyyə qurumları hökumət qarşısında məsələ qaldırmalıdır. Həmin sahələr üzrə mütəxəssis çatışmazlığının da olduğunu, əczaçıların sayını artırmağı bildirməlidirlər".  

Yeri gəlmişkən,  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 152 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Satış 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 0.8% azalıb. Ötən ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR