İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektromobildən istifadənin təşviqi: görüləsi işlər çoxdur

379 20.04.2024 08:21 Ölkə A A

Şarj məntəqələri baxımından Bakı şəhərində vəziyyəti mütəxəssislər necə qiymətləndirir? 

Azərbaycanda elektromobil istifadəsi üçün əlverişli şərtlərin formalaşdırılması prosesi sürətləndirilir. Aprelin 17-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

Nazirlər Kabinetindən “Yeni Müsavat”a verilən xəbərə görə, baş nazir iclası açaraq Prezidentin sərəncamından irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin - EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb. İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, son 3 ildə dünyada elektrik mühərrikli avtomobillərə tələbat və onların satışı böyük sürətlə artır. Əgər 5 il əvvəl inkişaf etmiş ölkələrdə dövlət belə avtomobilləri alan şəxslərə güzəştlər tətbiq edib, dəstək verirdisə, indi yalnız elektromobillər üçün xidmət infrastrukturunun yaradılması prioritet hesab olunur.

Britaniyanın “Rho Motion” konsaltinq şirkətinin məlumatına əsasən, 2023-cü ildə dünyada elektrikli avtomobillərin satışı 31 faiz artaraq 13,6 milyon ədəd təşkil edib. Ondan əvvəlki il - 2022-ci ildə satışlarda 60 faiz artım qeydə alınmışdı. 

2023-cü ildə satışın 9,5 milyonunu tam elektrik avtomobili, qalan hissəni isə hibrid avtomobillər təşkil edib. Tam elektrik avtomobillərinin satışı ABŞ və Kanadada 50  faiz, Avropada 27  faiz, Çində isə 15 faiz artıb. 2024-cü ildə Rho Motion-un proqnozuna görə, dünyada elektriklə işləyən avtomobillərin satışı 30 faiz artacaq.

Dünyada qalıq yanacaqlardan ekoloji təmiz və təhlükəsiz enerjidaşıyıcılarına keçidin başlıca istiqaməti sayılan elektromobillərdən istifadə Azərbaycanda 2022-ci ildən dövlət tərəfindən təşviq olunmağa başlayıb. Belə ki,  2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Ötən ildən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumunun tətbiqi dayandırılıb.

Statistika göstərir ki, bu tədbirlərdən sonra ölkəyə elektromobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur. Lakin ölkədə mövcud olan avtomobil parkında elektriklə işləyən avtomobillərin payı heç 1 faizə belə çatmır. 

Bu il Azərbaycan dünya əhəmiyyətli bir tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu tədbir qlobal səviyyədə iqlim dəyişikliklərinə qarşı mübarizəni koordinasiya edir. Belə mühüm tədbirin ev sahibi olacaq ölkənin ekoloji təmiz avtomobillərdən istifadəni stimullaşdırmaq üçün əlavə addımlar atması təbiidir. Lakin elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymətlərinin azaldılması deyil, əlverişli infrastrukturun yaradılması da vacib məsələdir. Yəni elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri, anbarları olmalı, onlara keyfiyyətli servis xidməti göstərilməlidir. 

Şarj məntəqələri baxımından Bakı şəhərində vəziyyəti mütəxəssislər orta qiymətləndirirlər. Belə ki, böyük ticarət mərkəzlərində, yeni tikili binaların dayanacaqlarında, bir çox yanacaqdoldurma məntəqələrində şarj aparatları quraşdırılıb. Lakin həm Bakı ətrafındakı qəsəbələr, həm də regionlarda belə aparatlar barmaqla sayılacaq qədərdir.  Əksər inkişaf etmiş ölkələrdə bu məsələni YDM-lərdə elektromobillər üçün şarj aparatlarının quraşdırılmasını məcburi tələb kimi müəyyənləşdirməklə həll ediblər. Azərbaycanda bununla bağlı dəfələrlə təkliflər irəli sürülsə də, hələlik hökumət bu istiqamətdə hər hansı addım atmayıb.

Yaxın qonşularımız Gürcüstan və Ermənistan da daxil olmaqla, bir çox ölkələrdə elektromnobillər üçün enerjidoldurma məntəqələri yaradan şirkətlərə müəyyən güzəştlər tətbiq olunur. Azərbaycanda isə hələ də belə şirkətlərin enerjini satıcıdan alması şərtləri müəyyənləşməyib. Aydın məsələdir ki, biznes üçün olan qiymətə enerjini alıb avtomobillərə yükləməyəcək. Bu baxımdan, əlverişli qiymətlərin tətbiqi vacib şərtdir. 

Elektromobillərin Azərbaycanda geniş tətbiqi ilə bağlı digər mühüm bir məsələ onlara texniki qulluq imkanlarıdır. Hələlik ölkədə belə avtomobillərin nasazlığını aradann qaldıracaq, təmir edəcək yetərli məntəqə, yaxud usta olduğunu söyləmək mümkün deyil. Bu baxımdan yenə də Bakıda vəziyyət regionlardan daha yaxşıdır, amma onu da yetərli saymaq mümkün deyil.

Göründüyü kimi, Nazirlər Kabinetinin, hökumətin qarşısında görüləcək işlər çoxdur. Bəzi məlumatlara görə, Azərbaycanda elektromobillərin təşviqi ilə bağlı hökumətdə ciddi planlar hazırlanıb və yaxın 1-2 ay ərzində real addımlar atılacaq.

Yazını hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR