Rusiya kəşfiyyatı ilə əlaqələri şübhə doğurmayan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun axtarışa verilməsi AXCP sədrinin əndişəsini daha da artırıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülən AXCP sədri Əli Kərimlinin sosial şəbəkə səhifəsində Rusiya əleyhinə “analitik yazı”sı dərc edilib.

Admininin təqdimatından belə bəlli olur ki, “Cənubi Qafqazı Rusiya təhlükəsindən necə qorumalı?” adlı “analitik yazısı” yeni deyil. “Təhlil” hələ avqust ayında "Project Syndicate" platformasında yayılıbmış. İddia olunur ki, AXCP sədrinin yazısını guya ABŞ-nin, Tayvanın(?) Latviyanın, Niderlandın populyar ingilisdilli nəşrləri də yayıb və “mövzunun aktuallığını nəzərə alıb” yazını yenidən paylaşır.
Əlbəttə, “dünyanın diqqətini cəlb edən yazı” hər gün saytlarda ortabab politoloqların rəyindən heç bir xüsusi özəlliyi ilə fərqlənmirsə, onun niyə yenidən və indi diqqətə gətirmək cəhdinin səbəbləri maraqlıdır.
“Rusiya Cənubi Qafqazı itirməkdədir” başlığı bir neçə ildir ki, bütün dünyada qəbul edilmiş gerçəklikdir.
Ə.Kərimlinin yazısında da Rusiya ilə bağlı xüsusi heç bir diqqətçəkən tezis yoxdur. Bəs o halda niyə indi? Bəllidir ki, Ə.Kərimlinin bu məqaləni ilk yayınladığı vaxtdan fərqli olaraq, statusu dəyişib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Məhz vaxtilə Rusiya ilə işbirliyində olan Milli Şuradakı gizəmli fəaliyyəti, Prezident Administrasiyasının sabiq rəhbəri, barəsində ev dutaqlığı qərarı verilmiş Ramiz Mehdiyevlə bağlılığı cinayət işi kimi araşdırılarkən, onun “Putin əleyhinə yazısı”nın yada düşməsi səbəbsiz deyil.
Əlbəttə ki, Ə.Kərimli hüquq fakütləsinin məzunu kimi istintaqın hara yönəldiyini hamıdan daha yaxşı bilir, müstəntiqin suallarından da xəbərdardır. Rusiya kəşfiyyatı ilə əlaqələri şübhə doğurmayan baş nazirin sabiq müavini Abbas Abbasovun da axtarışa verilməsi AXCP sədrinin əndişəsini artırıb. Çünki 2013-cü ildə Kremlin planlarını məhz Abbas Abbasov koordinasiya edirdi. Əli Kərimlinin birbaşa dəstəyi ilə yaradılmış, hələ də formal olaraq “fəaliyyətini davam etdirən” Milli Şuranın Rusiyaya bağlılığına dair də təkzibolunmaz sübutlar var. Ə.Kərimlinin Rusiyanın müəyyən dairələrinin ayırdığı maliyyə vəsaitlərindən uzun müddət bəhrələnməsi də əsassız iddialar deyil.
Ə.Kərimli müəllif olaraq, Putini hədəf alan “analizini” dəfələrlə dərc etdirə, harada gümana çatsa, yaya da bilər. Amma bu, Milli Şuranın adından Rusiya prezidentinə yazdıqları məktubda Putini demokrat adlandıran zehniyyətin indi onu “Qafqazı udmaq istəyən əjdaha” kimi təqdim etməsi onun gerçək üzünü gizlədə bilməz.
Bu, həm də “iz azdırmaq” cəhdindən başqa bir şey deyil...
Əli Kərimli “köhnə-yeni” məqaləsində Azərbaycanda əsas müxalifət kimi rəhbərlik etdiyi təşkilatı və Milli Şuranı göstərir, iddia edir ki, guya hakimiyyətdən fərqli olaraq ancaq onlar Avroatlantik məkana inteqrasiyanı dəstəkləyir.

Ə.Kərimi fərqindədir ki, Rusiya cinayətdə suçlanan 11 adamını Bakıdan ala bilmirsə, Mehdiyevi “Kremli bezdirdidiyi” səbəbindən özü ifşa edibsə, indi çətin vəziyyətdə olan yarıgizli agentura şəbəkəsini hər hansı vasitə ilə xilas etməyəcək.
O, Azərbaycana qarşı təzyiqlərə bəhanə axtaran Avropa Parlamenti kimi sarsaq qurum müdafiəsinə qalxmışkən, Qərbin diqqətini Rusiyaya bağlılığı ittihamından yayındırmaq üçün anti-Putin mövqeyini tirajlamaq istəyib...Çox gec deyilmi?
Musavat.com






