İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmrullayev: Bəzi kənd məktəblərində bir şagirdin xərci Bakının özəl məktəblərini üstələyir VİDEO

673 15.12.2025 22:27 Ölkə A A

Azərbaycanda məktəblərin maliyyələşməsi və təhsilin keyfiyyəti ilə bağlı diqqətçəkən açıqlama verilib. Elm və təhsil naziri Emin Əmrullayev bəzi bölgələrdə bir şagirdə düşən xərclərin Bakının mərkəzində fəaliyyət göstərən özəl məktəblərin təhsil haqqından daha yüksək olduğunu bildirib.

Musavat.com xəbər verir ki, nazir bu fikirləri “Real TV”yə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, yüzlərlə kənd məktəbində bir uşağın illik orta xərci, hətta 11 il ərzində sərf olunan ümumi vəsait bir neçə nəfərin Bakıda özəl təhsil almasına bərabərdir.

Emin Əmrullayev vurğulayıb ki, Elm və Təhsil Nazirliyi üçün əsas məsələ təkcə xərclənən vəsait deyil, həmin xərclərin qarşılığında əldə olunan nəticədir: “Bizim üçün önəmli olan bir uşağa düşən orta xərclə yanaşı, bu xərcin müqabilində şagirdin nə qədər bilik əldə etməsidir. Təəssüf ki, bəzi hallarda heç bir nəticə yoxdur. Kiçik məktəblərimiz ən yaxşı məktəblərimiz deyil, burada açıq-aşkar keyfiyyət problemi mövcuddur”.

Nazir pedaqoji prosesin səmərəliliyinə də toxunaraq bildirib ki, çox az şagirdin olduğu siniflərdə effektiv tədris qurmaq çətindir: “Təsəvvür edin ki, müəllimsiniz və sinfinizdə cəmi üç şagird oturub. Belə şəraitdə pedaqoji prosesi hansı formada qurmaq olar”.

Əmrullayevin fikrincə, siniflərdə şagird sayının müəyyən optimal həddə olması təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. O qeyd edib ki, çoxuşaqlı siniflərdə təhsil həm sosial mühit, həm də bilik səviyyəsi baxımından daha faydalıdır.

Nazir əlavə edib ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi optimallaşdırma siyasəti də məhz təhsilin keyfiyyətinin yüksəldilməsinə və resurslardan daha səmərəli istifadəyə xidmət edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR