İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri “Qərbi Azərbaycan” kəlməsi niyə belə qorxudur?..

608 05.03.2024 14:26 Yazarlar A A

“Onlar Ermənistana "Qərbi Azərbaycan" deyirlər" - bəli, indi də ermənilərin beynəlxalq miqyasda bəhanəsi budur, guya ki, Azərbaycan tərəfindən bunlara təhdid var, guya ki, Bakı sülh istəmir!..

Bu bəhanə ilə bu yaxınlarda gedib Münxhen konfransına çıxmışdılar, orada da müzakirə zamanı bu məsələni qaldırdılar ki, Qərb dünyasının təsəvvüründə Azərbaycan bir az da neqativ obraz alsın. Amma onların bu bəhanəsi nə qədər əsaslıdır?

Əlbəttə ki, bunun heç bir əsası yoxdur. Düzdür, Azərbaycanda “Qərbi Azərbaycan” söhbəti var, amma bu, tamam başqa məna kəsb edir, heç kim bunu əlində bayraq edib Ermənistana hücum etməyi planlaşdırmır.

Bəli, rəsmi və sıravi azərbaycanlılar deyirlər ki, indiki Ermənistan bizim - Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Amma bu hamıya məlum olan tarixi fakt deyilmi? Üstəgəl, daim bu cür açıqlamaların ardınca bəyan edilir ki, bizim hazırda Ermənistanın nəzarətində olan səkkiz kənddən savayı başqa bir ərazi iddiamız yoxdur İrəvana qarşı, biz nə indi, nə də sonra Ermənistan ərazilərini işğal etmək fikrində deyilik!

Qeyd edək ki, sıravi insanlar bir tərəfə, bizim rəsmilərin dilindən də bu cür bəyanatlar dəfələrlə səslənib, zəruri açıqlamalar verilib. Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir sənədində, nə Müstəqillik Bəyannaməsində, nə konstitusiyasında Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Bunu ermənilər və Ermənistan edib - onların bütün əsas sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası var, neçə-neçə sənəddə keçmiş Dağlıq Qarabağı “Ermənistan ərazisi” elan ediblər!

İndi Paşinyan az-çox başa düşür ki, bütün bunlar aradan qaldırılmasa, o, öz ölkəsinin regional problemlərini həll edə bilməyəcək, Bakı və Ankara ilə münasibətləri yoluna qoya bilməyəcək. Amma görək, ermənilərin öz baş nazirlərinin təklifinə reaksiyası necədir?

Adi ermənilər hələ ki hər hansı bir etiraz ifadə və izhar etməyiblər, amma kilsə az qala özünü yolub tökür ki, guya N.Paşinyan Ermənistanın “tarixi hədəf”lərinin üstündən xətt çəkir, “böyük Ermənistanı” türklərə satır...

“Qərbi Azərbaycan” məsələsi Azərbaycanda yalnız bir məzmun kəsb edir: vaxtilə bizim yüz minlərlə qardaş və bacılarımız indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından zorla qovulublar. Üstəgəl, onlar vaxtilə Azərbaycanda yaşayan ermənilərdən fərqli olaraq ermənilərə və Ermənistana qarşı hər hansı cinayətdə iştirak etməyiblər. Bu insanlar nə vaxtsa öz yurdlarına, dədə-baba torpaqlarına qayıtmaq istəyirlər və bu onların haqqıdır. Özü də tarixi və hüquqi haqqıdır...

Burada bir mühüm məqam da var. İndi dırnaqarası “böyük dünya birliyi” iddia edir ki, ermənilər, xüsusən də keçmiş Dağlıq Qarabağdan köçənlər geriyə, Azərbaycana qayıtmalıdır. Olsun! Amma bircə şərtlə: onda azərbaycanlılar da Ermənistana qayıtmalıdır! Bəs “dünya birliyi” bu haqda niyə danışmır? Yox, onlar bunu dilə gətirmir, çünki bu onlara sərf etmir. Ermənistana və onun Fransa kimi “böyük bacı”larına daha çox o sərf edir ki, Azərbaycanı və azərbaycanlıları qaralasınlar, onlar haqda neqativ obraz yaratsınlar və öz geosiyasi məqsədlərini, planlarını reallaşdırmaq üçün bundan istifadə etsinlər.

Ən çox çalışan da Fransa və onun prezidenti E.Makrondur. Amma Makron öz həyasızlığı ilə nəyə nail olacaq? Heç nəyə! O, Azərbaycanın geosiyasi seçimini bir az da sürətləndirəcək, onu bir az da dəqiqləşdirəcək və cilalayacaq.

Rəsmi Bakı bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Andiçmə mərasimində Azərbaycan Prezidenti ölkənin geosiyasi hədəflərini birmənalı şəkildə açıqladı: Bakı Türk dünyasına doğru inteqrasiyasını davam etdirəcək, türk dövlətləri ailəsinin möhkəmlənməsinə çalışacaq və bunu özünün ən əsas geosiyasi məqsədi və hədəfi biləcək. Odur ki, burada, Fransanın çabalarını bir daha düşünərkən bizim Azərbaycanın bir məşhur misalı yada düşür: yel qayadan nə aparacaq?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR