Dünya Bankının qiymətləndirməsinə görə, Orta dəhlizin açılması qlobal ticarətin illik həcmini 50-100 milyard dollar artıra bilər
Türkiyə Asiya ilə Avropa arasında quru ticarət marşrutu olan Orta dəhlizi inkişaf etdirməyi planlaşdırır və onu Hörmüz boğazı üzərindən keçən dəniz daşımalarına alternativ kimi görür. Bu barədə “Financial Times” yazıb.
Orta dəhliz layihəsi Çinlə Avropa arasında Qafqaz və Türkiyə üzərindən quru əlaqəsini nəzərdə tutur. Bu marşrutla yük daşımaları 40 gün çəkən dəniz yoluna nisbətən cəmi 12-15 gün davam edə bilər. Daşıma potensialının isə illik 5 milyon tondan 20 milyon tona qədər artacağı gözlənilir. Bununla belə, layihə Xəzər dənizi üzərindən logistika çətinlikləri, dəmir yolu standartlarının fərqliliyi və digər problemlərlə üzləşir. Ekspertlər qeyd edirlər ki, TRİPP layihəsinin həyata keçirilməsi ABŞ-nin siyasi dəstəyi və investisiyalarından asılıdır. Dünya Bankının qiymətləndirməsinə görə, bu dəhlizin açılması 2027-ci ilə qədər qlobal ticarətin illik həcmini 50-100 milyard dollar artıra bilər.
Bu layihə geoiqtisadi baxımdan real və perspektivlidir, lakin siyasi baxımdan hələ də qeyri-müəyyəndir. Orta dəhliz Avrasiya ticarətində yeni balans yarada bilər, amma Zəngəzur xətti üzrə razılaşmalar və ABŞ-nin real iştirakı olmadan onun tam gücü ilə işləməsi çətin görünür.

Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizindən keçən Orta yolun dünya ticarətində gələcək rolu kifayət qədər böyük və əhəmiyyətli olacaq: “Orta yol nədən maraqlıdır? Nədən Çin də, Avropa İttifaqı da bu yolun tezliklə işə düşməsini istəyir? Yolu maraqlı edən onun iqtisadi cəhətdən sərfəli olmasıdır. Bu gün Çindən Avropaya yüklərin 90,0%-ə qədəri su yolu ilə daşınır. Bu yol fiziki olaraq quru yoldan dəfələrlə uzun, zaman baxımından isə 3 və bəzən 4 dəfə çox vaxt tələb edir”.
Keçmiş nazirin sözlərinə görə, Şərqi Çin limanlarından Avropaya qədər su yolu təxminən 22 min kilometrə qədərdir: “Yüklər Afrikanın başına fırlanmaqla daşındıqda isə yol 26 min kilometrə qədər uzanır (Husilərin Qırmızı dənizin girişindəki Bab-Əl-Məndəb boğazında təxribatlar törətmələri səbəbindən). Orta yolla isə bu məsafə Gürcüstan üzərindən 8 min kilometr, Zəngəzur dəhlizi üzərindən 7 min kilometrdir. Məsafə və zaman baxımından su və quru yolları arasındakı fərq ortadadır. Əgər investorun hazır məhsulu Çindən Avropa bazarına su yolu ilə müqayisədə quru yolla 3 və bəzi hallarda hətta 4 dəfəyə qədər tez çatırsa, o halda onun əldə etdiyi mənfəət təxminən 2 dəfəyə qədər artıq ola bilir. İndi təsəvvür edin - 2025-ci ildə Çindən Avropaya 560 milyard dollar həcmində mal ixrac olunub ki, bunun da təxminən 8,0%-ə qədəri quru yolla, 1,0%-ə qədəri hava yolu ilə daşınıb. Yerdə qalan 91,0% və ya 500 milyard dollardan çox mal isə su yolu ilə daşınıb. Su yolu ilə daşımalar quru yolla daşımalardan 2 dəfəyə qədər ucuz olsa da, quru yolla daşımaların su yolu ilə daşımalardan zaman baxımından bəzən 4 dəfəyə qədər qısa olması onu su yolu ilə daşımalardan ən azından 2 dəfəyə qədər sərfəli edir”.
F.Yusifov dedi ki, ABŞ və İran arasında gedən müharibə dünya iqtisadiyyatını və ümumdünya ticarətini iflic hala salmaqda davam edir: “Bu müharibənin nə vaxt bitəcəyi bilinmir. O səbəbdən region ölkələri ticarət üçün alternativ yollar üzərində ciddi düşünməyə başlayıblar. Fars körfəzi ölkələri nefti, qazı satmağın alternativ yollarının axtarışındadır. Hörmüz boğazı yalnız neftin və sıxılmış qazın keçdiyi bir yol deyil. Körfəz ölkələrinin neftdən və qazdan dolayı xarici ticarət dövriyyəsinin 90%-ə qədəri Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Və bu boğaz bu gün bağlıdır. Onun nə vaxt normal işləyəcəyi isə bilinmir. Deməli, alternativ yollar tapılmalıdır. Bu sırada Azərbaycan üzərindən keçən Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Regionda yaranmış mövcud durum çox da uzaq olmayan perspektivdə Azərbaycanı bu gün bizim təsəvvür etdiyimizdən dəfələrlə böyük bir nəqliyyat habına çevirə bilər”.

Vüqar İskəndərov
Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd etdi ki, dünya ticarətinin ənənəvi arteriyaları artıq qlobal gərginliklərin təzyiqinə tab gətirmir: “Bu gün Hörmüz boğazı və ya Süveyş kanalı ətrafında yaranan istənilən risk qlobal tədarük zəncirində "infarkt" effekti yaradırsa, dünya iqtisadiyyatı özünə yeni və daha təhlükəsiz “nəfəslik” axtarmaq məcburiyyətindədir. Məhz bu məqamda Azərbaycanın strateji memarı olduğu Orta dəhliz sadəcə bir alternativ deyil, həm də qaçılmaz zərurət kimi ön plana çıxır.
Lakin bu layihənin əhəmiyyəti təkcə quru yolları ilə məhdudlaşmır; o, həm də Xəzər dənizinin iqtisadi ekosistemini yenidən canlandırır. Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstan və Türkmənistan limanları vasitəsilə Bakıya, buradan isə qatarla Avropaya ötürülməsini nəzərdə tutan çoxşaxəli bir mexanizmdir. Bu mexanizmin tam gücü ilə çalışması üçün Azərbaycan öz infrastrukturunu - həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanını, həm də dəmir yollarını ən müasir standartlara uyğunlaşdırıb. Dünya Bankının 2027-ci ilə qədər qlobal ticarət həcminin 50-100 milyard dollar artacağı ilə bağlı proqnozu layihənin iqtisadi cazibəsini göstərsə də, TRİPP layihəsi kimi təşəbbüslərin gələcəyi həm də Qərbin, xüsusilə ABŞ-nin bu prosesə verəcəyi real siyasi və maliyyə dəstəyindən asılıdır".
Parlamentari onu da diqqətə çatdırdı ki, burada məsələnin digər tərəfi təhlükəsizlikdir: “Hörmüz və digər dəniz keçidləri hərbi münaqişələrin və sanksiyaların kölgəsində qaldığı halda, Azərbaycanın təklif etdiyi marşrut siyasi baxımdan daha stabil və proqnozlaşdırıla biləndir. Bu, həm də region ölkələri arasında yeni bir həmrəylik formatı yaradır. Zəngəzur xətti üzrə əldə olunacaq razılaşmalar bu layihəni tamamlayan sonuncu və ən vacib "pazl" parçasıdır. Bu xəttin açılması Ermənistanı da iqtisadi təcriddən çıxara biləcək bir fürsət olsa da, əsas hədəf Türk dünyasını bir-birinə bağlayan və Avrasiya ticarətində yeni balans formalaşdıran kəsintisiz quru yolunun inşasıdır.
Görünən odur ki, qlobal güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb geoiqtisadi tənlikdə Azərbaycanın təklif etdiyi marşrut artıq bir seçim yox, dünya ticarətinin gələcək taleyini müəyyən edən əsas amildir. Azərbaycan bu strateji gedişi ilə həm öz suverenliyini gücləndirir, həm də Şərqlə Qərb arasında körpü olduğunu bütün dünyaya sübut edir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






