Dünyada vəziyyət get-gedə gərginləşir. Almaniyanı dağılmaqdan xilas etməyə çalışdığımız bir vaxtda La-Manş boğazının o biri üzündən bəd xəbər gəldi: Britaniyanın baş naziri Kir Starmer istefa vermişdir.
Bu insan o vəzifəyə, heç təsəvvür edə bilmirik, 2024-cü ildə qoyulmuşdu, daha dəqiqi, seçki yoluyla gəlmişdi. Heç 2 il keçməmişdir, istefa verir. Özü də son çıxışında, deyirlər, gözü dolub, ağlaşma qurub. Rəhmətliyin oğlu, sən gərək elə baş nazir işləyərdin ki, millət ağlaşardı, səni o vəzifədən buraxmazdılar, məsələn, 20 il baş nazir qalmaq nə çətin işdir?
Ümumiyyətlə, adamın britaniyalılara yazığı gəlir. Tək Kir müəllimin istefası olsa, dözərdik, ancaq bir rəqəm yazım, görün belə bir proses sizin ağlınıza gələrdimi: son 10 ildə Britaniyada 7 baş nazir dəyişiblər! Bunların içində hətta 1-2 ay işləyəni də olmuşdur.
Kimdənsə xoşları gəlmir, hansısa iqtisadi-sosial məsələ düz getmir, nə bilim, seçkidə deputat sayı artıb-azalır, vəssalam, götürüb baş naziri dəyişirlər. Nəticədə vəzifə hörmətdən düşür. Xalq artıq baş naziri saymır. Aldığımız məlumata görə, Biq Ben saatı səhv işləməkdədir, Temza çayında isə qumbara ilə balıq tutanların sayı artıbdır. Bəlkə Avropanı bürüyən dəhşətli istilər də hakimiyyət böhranıyla əlaqədardır.
Halbuki, məsələn, bizim REAL partiyası hazırda parlamentdə ötən parlamentə nisbətən 1 deputatla təmsil olunur, lakin buna görə partiya sədri Natiq müəllim istefa verirmi? Nəyə gərəkdir? Səbrli olmaq lazımdır. Bir də gördün deputatlar 1,5 oldu. Ondan sonra fraksiya qurmaq mümkündür.
Yeri gəlmişkən, Britaniya və Almaniyada siyasi böhran təkcə bizi narahat eləmir. Yaxşı haldır ki, başqa nigaran qalanlar da var. Məsələn, Rusiyanın müdiri Putin müəllim bir dəfə elə bu cür demişdi: “Sizin tərəflərdə rəhbərləri o qədər tez-tez dəyişirlər ki, bilmirəm kiminlə danışım, müqavilə-zad bağlayım”.
Həqiqətən, ağır işdir. Ukrayna dronlarının yandırdığı zapravkaların müsibəti belə bunun yanında toya getməlidir.
Əlbəttə, bütün bunları yazmazdım, ancaq Britaniyanın bizdə bir keçmiş səfiri var idi, həmişə çalışırdı azərbaycanca danışsın, vaxtaşırı Füzuli rayonuna da gedirdi. O kişiyə hörmətimiz böyük olduğu üçün, indi Britaniyada durumdan narahatlığımızı büruzə verməyə özümüzü borclu sandığımızı qeyd etmək vacibdir.
İndi bir az daxili məsələlərə keçək, hərçənd, namxuda, maşallah, bizdə yazmağa mövzu tapılmır, yumurta bir qəpiklik olmuşdu hətta...
Milli Məclis təzə qanun hazırlayır, bu münasibətlə başlıq belə qoyulmuşdu: “Korrupsiya haqda məlumat verənlər mükafatlandırılacaqdır”. Açığı, çox maraqlı gəldi, ara yerdə qazanmağı fikirləşirdik, ancaq umsuq olduq. Sən demə, mükafat-zad yoxdur, sadəcə, korrupsiya ilə mübarizə qanununa belə dəyişiklik edilir: “Korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir”.
Bah. Yel əsəcək, qoz töküləcək. Məsələnin mahiyyətini qanun dilindən adam dilinə tərcümə eləsək, əgər sən idarədəki rüşvətxorluq-zad haqqında prokurora-filana xəbər versən, gələn dəfə sənin işdə qalıb-qalmayacağını həmin rüşvətxorlar müəyyən etməyəcəkmiş.
Həqiqətən, anekdot kimi bir söhbətdir. Korrupsioneri tutmaq, işdən çıxarmaq əvəzinə, onun korrupsiyası barədə xəbər verən sarsağa (başqa ad tapmadım – Z.H.) vəd olunur ki, narahat olma, attestasiyada qovulmayacaqsan.
Nəsə, ən yaxşısı Starmeri müzakirə etməkdir. O temada heç olmazsa adamı gic gülmək tutmur. Ya tutur?






