İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask respublikaçıların seçki maşınına pul axıdır

434 16.12.2025 19:55 Dünya A A

Amerikalı sahibkar və milyarder İlon Mask 2026-cı ildə keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ Respublikaçılar Partiyasının Konqresə seçki kampaniyalarını maliyyələşdirməyə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Axios portalı iki mənbəyə istinadən məlumat yayıb.

Portalın yazdığına görə, “milyarder bu yaxınlarda respublikaçıların gələn il Konqres seçkilərində qələbə qazanmasına kömək etmək üçün böyük məbləğlər göndərib və 2026-cı il seçki dövrü ərzində daha çox vəsait ayıracağını da bildirib”.

Axios qeyd edir ki, ianələrin konkret məbləği yalnız yanvar ayında, seçki kampaniyalarının maliyyə hesabatları dərc olunanda açıqlanacaq. Portal xatırladır ki, ianələrdən əvvəl noyabrda keçirilən və Maskın özünün, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin, Ağ Evin aparat rəhbəri Syuzi Uaylsın və digər şəxslərin iştirak etdiyi şam yeməyi baş tutub.

Bundan əlavə, mənbələrə istinadən bildirilir ki, ABŞ prezidenti Donald Tramp Maskla aralarındakı əvvəlki münaqişəyə görə artıq ona qarşı inciklik saxlamır. Onların münasibətləri yaxşılaşıb, lakin əvvəlki qədər yaxın olmayacaq.

Xatırladaq ki, iyun ayında Mask və Tramp arasında açıq qarşıdurma yaşanmışdı. Buna səbəb Trampın təklif etdiyi federal xərclərin kəskin azaldılmasını nəzərdə tutan genişmiqyaslı qanun layihəsi olub. Mask həmin layihəni “iyrənc bir eybəcərlik” adlandırmışdı. İyunun sonunda isə o, Trampla fikir ayrılığı fonunda ABŞ-da yeni siyasi partiyanın yaradılmasını təklif edərək ölkənin “faktiki olaraq təkpartiyalı” olduğunu bildirmişdi. Tramp isə cavab olaraq Maskı xəbərdar etmişdi ki, dövlət subsidiyaları olmasa, “işini bağlayıb Cənubi Afrikaya qayıtmalı olacaq”.

Sentyabrın sonunda qətlə yetirilmiş mühafizəkar fəal Çarli Kirk üçün keçirilən vida mərasimində Tramp və Mask arasında söhbət baş tutub, onlar bir-birinin əlini sıxıblar. Ayrılarkən Tramp Maskın kürəyini də sığallayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR