Silivridə saxlanılan CHP-nin prezidentliyə namizədi və sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu kəskin açıqlama yayıb.
Musavat.com xəbər verir ki, o, “Prezidentliyə Namizəd Ofisi” adlı sosial media hesabından edilən paylaşımda hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) daxilində ittihamnaməyə dəstək verənlərə təşəkkür etdiyini bildirib.
İmamoğlu açıqlamasında deyib:
“İttihamnamə üçün kampaniya aparmaq qərarına gələn AK Partiya daxilindəkilərə təşəkkür edirəm. Bütün Türkiyəyə və dünyaya mənim həbsimin, əməliyyatın və ittihamnamənin tamamilə siyasi olduğunu və mənbənin aydın olduğunu sübut etdiniz”.
Məlumata görə, İmamoğlunun Silivridən paylaşım etdiyi “Prezidentliyə Namizəd Ofisi” adlı hesabı son günlərdə üçüncü dəfə bloklanıb. Bloklanma hesabın istifadəçi adını dəyişdirməklə aradan qaldırılıb.

İmamoğlunun paylaşımında sosial mediaya qoyulan məhdudiyyətlərlə bağlı da sərt mesajlar yer alıb:
“İttihamnaməyə etibar edənlər qadağalara əl atmayacaqlar. Siz yalnız uyğunsuzluqlarınızı üzə çıxaran sosial media hesablarımızı qadağan etməklə legitimliyimizi təsdiqləyəcəksiniz”.
İmamoğlu sosial media bloklanmalarını və istintaq prosesini “demokratiyaya hücum” adlandırıb:
“Əgər ‘milli təhlükəsizlik’ məsələsi varsa, bu, Türkiyə demokratiyasına, hüquqlara və azadlıqlara qarşı mənasız hücumdur. Söz qadağası, ifadə azadlığına senzura, həqiqətə maneələr – bütün bunlar həqiqəti əngəlləyə bilməz”.
İmamoğlu AK partiya rəhbərliyinə qarşı mesajını belə tamamlayıb:
“Bu ittihamnamə üçün kampaniya aparmaq qərarına gələn AK Partiya daxilindəkilərə bir daha təşəkkür edirəm. Siz həm Türkiyəyə, həm də dünyaya sübut etdiniz ki, mənə qarşı bütün proses tamamilə siyasidir. Biz bir ovuc iddialı insanla qarşılaşırıq. Siz ölkənin bütün problemlərini unutmusunuz və aylar əvvəl dediyimiz kimi, dəli oldunuz! Nə gözəl ki, qazanan güc deyil, ağıl olacaq”.
Qeyd edək ki, sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu barəsində hazırlanan 3900 səhifəlik ittihamnamə haqda yeni iddia irəli sürülüb. Sözügedən ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2430 ilə qədər həbs cəzası istəyib.
Musavta.com






