İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran 6 yerə parçalanacaq və…”-Fazil Mustafanın qaçqın axını ilə bağlı dediklərinə reaksiya

1383 12.01.2026 12:25 Dünya A A

Son günlər İranda baş verən daxili gərginlik, etirazlar və mümkün siyasi-təhlükəsizlik ssenariləri region ölkələri üçün yeni risklər formalaşdırıb. Hər keçən gün etirazların artması fonunda bu risklər durmadan güclənir.

Heç şübhəsiz ki, aksiyalar cənub qonşumuzu daxildən çökdürərsə, bu, qaçqın selinə səbəb ola bilər. Belə bir nümunəni Suriyanın fonunda yaxın keçmişdə görmüşük.

Burada axına əsas tuş gələcək ölkə fonunda Azərbaycan ilk sırada qərarlaşır. Bunun da obyektiv və subyektiv səbəbləri var. İlk növbədə, unutmayaq ki, İranda 40 milyondan çox soydaşımız yaşayır və hər hansı bir təhlükələr meydana çıxarsa, onların pənah aparacaqları ölkə durumunda Azərbaycan görünür.

Bakı bu ssenarilərə hazırdırmı? Qaçqın dalğası riski regionda hansı nəticələr doğura bilər?

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da son məqaləsində bu məsələyə toxunub. Parlamentari açıq şəkildə bildirib ki, Türkiyə və Azərbaycan İrandan gələ biləcək insan və qaçqın axınına hazır olmalıdır.

Son zamanlarda İran ətrafını qara buludlar bürüyüb. Amma bununla belə indiyədək kütləvi köç baş verməyib. Məsələn, ötən il ABŞ və İsrail İrana zərbələr endirdilər. Lakin əhali köç qərarı vermədi.

Onu da qeyd edək ki, İranda etirazlar artıq Cənubi Azərbaycan şəhərlərinə yayılıb. Güney Azərbaycandan Azərbaycana yönələn köç ehtimalı varmı?

Bu hal yaşanarsa, təbii ki, burada söhbət on minlərdən, yüz minlərdən deyil, daha böyük rəqəmlərdən gedə bilər. Çünki, əvvəldə də qeyd etdiyimiz kimi, İranda 40 milyondan çox azərbaycanlı yaşayır.

Etiraf edək ki, qaçqın axını humanitar, sosial, təhlükəsizlik baxımından istənilən ölkə üçün böyük risklər yaradır. Qardaş Türkiyə nümunəsində bunun hələ də şahidi olmaqdayıq

"Suriya ssenarisi” İranda da mümkündürmü?

İranın demoqrafik, siyasi və ideoloji strukturu Suriyadan nə ilə fərqlənir?

İranla bağlı böyük güclərin maraqları hər zaman olub. Bu ölkənin parçalanmasında doğrudur, iri güclər maraqlı görünməyiblər. Amma güclü deyil, zəif İranın olması iri dövlətlərin marağında olub.

Bu proseslərdə Azərbaycan və Türkiyə nələrə hazır olmalıdır?

Siyasi şərhçi Fikrət Fərəməzoğlu Musavat.com-a dedi ki, İranda əhalinin faktiki dönəm üçün qaçqın həyatı yaşaması barədə deyilənlər fərziyyədən başqa bir şey deyil: “İndiyə qədər 8 illik İraq, habelə 12 günlük İsrail savaşlarında belə İran əhalisi başqa ölkələrə kütləvi köç etməyib. Hətta İraqla savaşda Xuzistan, Abadan və daha bir neçə şəhər İraq tərəfindən işğal olunsa belə, oranın əhalisi xaricə üz tutmayıb. Bəli, daxili miqrasiya olub. Bu da normaldır.

İran əhalisinin başqa ölkələrə kütləvi köç etməsi üçün ölkədə çox dəhşətli hadisənin baş verməsi lazımdır. Yəni, rejim dəyişikliyi, vətəndaş müharibəsi ssenariləri belə qaçqınlıq üçün zəmin olmayacaq. Bu, nəzərimcə parçalanma və ya daha irimiqyaslı müharibə zamanı mümkün ola bilər.

Qaldı, qaçqın ordusu yaranarsa, üz tutacaqları ölkəyə, bu sırada biz ilklər arasında deyilik. Öncəlik Türkiyə, İraq və Avropa olacaq. Bura Dubayı, Qətəri və daha bir neçə ölkəni əlavə etmək mümkündür. Türkiyə daha çox qaçqın qəbul edəcək ölkə sayıla bilər. Çünki iranlıların bu ölkədə çoxlu sayda mülkləri var. Təbii ki, Azərbaycana da üz tutanlar olacaq. Amma bu humanitar fəlakətə səbəb olacaq həddə olmayacaq.

Hesab edirəm ki, əgər belə bir hal baş verərsə, “ilk dayanacaq” ölkələr sırasında əsas ağırlıq Türkiyə və İraq olacaq. Azərbaycan da istisna deyil. Amma bizə kütləvi axının olacağı real deyil. “İkinci mərhələ” ölkələr isə Avropa və ABŞ olacaq. Çünki iranlıların bu ölkələrə marağı daha çoxdur. Yenə də o fikirdəyəm ki, İran cəmiyyəti ən kritik məqamlarda belə qaçqın düşməyə meyillənməyəcək. Bu fikri ortaya atanları isə məsələni şişirtmək məqsədi ilə edirlər.

İranda vətəndaş müharibəsi ehtimalı var. Bunun üçün zəmin də mövcuddur. Məsələn, bu gün aksiyalarda İran rejimi silahdan geniş istifadə edir. Çoxlu sayda ölənlər var. Mümkündür ki, etirazçılar da silaha əl atsınlar. Eyni zamanda, Kürdistanda PEJAK-PKK silahlı, “Komili” Partiyası isə yarımhərbi təşkilatlardır. Həmçinin Bəlucistanda bir neçə silahlı qruplaşmanı özündə birləşdirən “Xalq Müqavimət Hərəkatı” mövcuddur. Yəni ehtimal var. Lakin bu, gedişata bağlı olan məsələdir.

Eyni zamanda etnik qarşıdurma riski da var. Bu xüsusən iki yöndə mümkündür. Birincisi, kürdlərlə Azərbaycan türkləri arasında. Urmiya istiqamətində ərazi iddiaları var və bu regional toqquşmaya səbəb ola bilər. İkincisi, bəluclarla mövcud rejim arasında (xüsusən farslar) silahlı toqquşma riski var. Amma bunun etnik boyut alıb, almayacağı bir qədər mübahisəlidir. Çünki indiyə qədər bu iki xalq arasında hər hansı düşmənçilik olmayıb.

Bu hadisələr nəzəri baxımdan qaçqın axınına səbəb ola bilər. Lakin praktiki baxımdan o qədər də real deyil. Təcrübələr də göstərib ki, bu kütləvi köçlərlə müşahidə olunmayıb. Əgər İranda mərkəzi hakimiyyət zəifləyə və ya dağılarsa, bu bizim bölgəmiz üçün bir sıra ciddi problemlərə səbəb olacaq. Əvvəla nəzərə alaq ki, ortada Güney Azərbaycan var və orada yaşayan soydaşlarımızı müdafiə etmək bizim ən azı mənəvi borcumuz olacaq. Digər tərəfdən, dağılma prosesi baş verərsə, yeni dövlətlərin yaranma riski var. Xüsusən bizim üçün Kürdistanın müstəqillik əldə etməsi ciddi problemdir. Ona görə ki, İran Kürdistanı müstəqil olarsa, onlar Azərbaycana torpaq iddiası ilə çıxış edə bilərlər. Elə yaydıqları “xəritələr”də də Azərbaycan ərazilərini hədəf göstərirlər. Paralel olaraq, bu hadisə Türkiyə üçün də ciddi problemdir. Bunun geniş izaha ehtiyacı yoxdur. 

Mövcud etirazları əvvəlkilərdən fərqləndirən bir neçə məqam var. Birincisi, bu aksiyanı başladan sahibkarlar olublar. Bu İran tarixində son 50 ildə ilk haldır. İndiyə qədər burjaziya mümkün qədər siyasətdən və etirazdan uzaq durub.

İkincisi, aksiyalar kütləvidir və bütün şəhərləri əhatə edir. Aparılan mübarizədə sosial məsələ təməl səbəb olsa da, əsas tələb rejimin getməsidir. Yəni, əgər “rejim islahata getsin” deyirdilərsə, artıq tələb qətiləşib.

Üçüncüsü, etirazçılar əvvəlkilərdə fərqli olaraq çox aqressivdirlər. Daha çox istəklidirlər.

Dördüncüsü, etirazçılar daha çox dövlət qurumlarını ələ keçirməklə ilkə imza atırlar. Buna qədər aksiyalarda heç vaxt dövlət idarələri ələ keçirilmə üçün hədəf olmayıb. İlk belə hadisə Abadan, İlam və Xürrəmabadda baş verib.

Beşincisi, aksiyalara təkcə başıaçıq və ya "modern" qadınlar deyil, elə hicablı qadınlar da qoşulmağa başlayıblar. Və bu əvvəlki dönəmlərdən fərqli olaraq, kütləvi şəkildə müşahidə olunur.

Sonuncusu isə İran polisinin aksiyaçılara qarşı istifadəsindən imtina edilib. Onları SEPAH, Bəsic, İraq və Livandan gətirilmiş milislər əvəzləyib. Səbəb də budur ki, bir neçə şəhərdə polis etirazçıların tərəfinə keçib”.

Siyasi şərhçi İranda istənilən ssenari mümkün sayır: “İranda "Suriya ssenarisi” də yaşana bilər. Amma İran cəmiyyəti bir qədər fərqlidir. Mollalar gedərsə, hətta ciddi fikir ayrılığı olsa belə, ortaq məxrəc tapa biləcəklər. Suriya və İran fərqli ölkələrdir. Bütün parametrlərdən bir-birilərindən fərqlidirlər. Demoqrafik baxımdan İran Suriyadan daha üstündür. Çünki əhali sayı arasında ciddi fərq var. Siyasi baxımdan da fərqlilik odur ki, İran teokratik ölkədir. Suriya isə daha çox dünyəvi dövlət kimi tanınıb. Düzdür, İslam dini dominant olub, amma İrandakı kimi ön planda olmayıb. İdeoloji baxımdan da fərqlilik çoxdur. İran hakimiyyəti bütün resurslarını dini ideologiyanın üzərində cəmləyib və təmərküzləşdirib. Suriyada isə bu yoxdur. İran üçün “parçalanma ssenarisi” realdır. İndiyə qədər bununla bağlı çoxlu sayda fikirlər bildirilib. Bəzi ehtimallar budur ki, İran 6 yerə parçalanacaq və yeni dövlətlər meydana çıxacaq. Bəzi yanaşmalara görə, İran federativ respublika olacaq. Lakin son proseslərdən diqqəti çəkən əsas amil odur ki, İran bu şəkildə davam edərsə, ən yaxşı halda iki, ən pis halda isə üç yerə bölünəcək. İki yerə bölünəcəyi təqdirdə, bunun birincisi Güney Azərbaycan, ikincisi isə İranın faktiki digər əraziləri olacaq. Yəni, iki dövlət yaranacaq. Əgər ən pis halı qəbul etsək, buraya Kürdistan da əlavə olunacaq. Amma belə bir dövlətin yaradılmasına Türkiyənin imkan verəcəyinə inanmıram. Böyük güclərin İranla bağlı konkret hansı planlara malik olduqları tam aydın deyil. Monolit, yoxsa federativ İran mövzuları müzakirə predmetidir. Ancaq qəti bir qərar yoxdur. Nəzərimcə, İsrail İranın parçalanmasında maraqlı deyil. Onlara Yaxın Şərqi təsir altında saxlayan vahid İran daha sərfəlidir. Amma ABŞ və Avropa üçün bunu demək çətindir. Onlar daha çox bir neçə subyektin birləşməsinə, yəni federasiyaya tərəfdar kimi çıxış edirlər. Rusiya üçün xaos içində olan İran maraqlıdır. Bu da regional layihələrin risk altında saxlanılması üçün lazımdır. Çin isə sabit, hansı rejim olmasından asılı olmayaraq onu işi yürüyən İran istəyir. Özü də ucuz xammal ala biləcəyi İran.

Bu gün  Azərbaycan və Türkiyə İranla bağlı bir neçə ssennariyə hazır olmalıdırlar. Birincisi, daxili təhlükəsizlikdir. Çünki İranda molla rejimi gedərsə, bölgədəki bütün “minaları”nı partladacaq. Yəni, bütün regionda istiqrarsızlıq yaratmaqla, uzunmüddətli problem yaradacaq.

İkincisi, Azərbaycan və Türkiyə İranın gələcəyi müəyyən olunan zaman əsas aktor kimi prosesində içində olmalıdırlar. Söz sahibi olmasalar belə, təsiredici güclə çıxış etməlidirlər. Xüsusən Güney Azərbaycan məsələsində həssaslıq nümayiş etdirməlidirlər. Təkcə, Güneyin ayrılması fonunda deyil, eləcə də İranın daxilində Güney Azərbaycanın status məsələsində də aktiv tərəf olmalıdırlar. Türkiyə təcrübəsi bir sıra maraqlı məqamları meydana çıxardı. Birincisi, bu gün Suriyada polis rəisindən tutmuş, ordudakı zabitə qədər hamısı Türkiyədə təhsil almış suriyalılardır. Bu kifayət qədər ciddi məsələdir. Yəni, Suriya yaxın 20-30 ildə istəsə belə Türkiyənin təsirindən çıxa bilməyəcək.

İkincisi, Türkiyə bu işlərin görülməsinə böyük resurslar xərclədi. Onlara daha çox İqotlar verməklə əhali arasında narazılıq yaratdı. İllər boyu suriyalıların ucuz işçi qüvvəsi kimi istifadə olunması da təsiredici amillərdən biri idi.

Azərbaycana gəldikdə, biz Türkiyənin gücündə deyilik və o qədər qaçqını qəbul edə bilmərik. Hətta bu hal baş verərsə belə, Azərbaycan daha çox “paylaşdırıcı məntəqə” funksiyasını işə salmalıdır. Yəni, gələn qaçqını bir müddət saxlayıb, üçüncü dövlətlərə ötürməlidir. Həmin adamlardan ucuz işçi qüvvəsi kimi istifadə olunmasına isə imkan verilməməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR