İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Yaxın Şərqə açılır - Fələstinlə əlaqələrdə yeni MƏRHƏLƏ

546 16.07.2026 16:37 Gündəm A A

Azərbaycanın Fələstin siyasəti uzun illərdir ardıcıl, balanslı və beynəlxalq hüquqa əsaslanan xətt üzrə inkişaf edir. Rəsmi Bakı bir tərəfdən Yaxın Şərqdə müxtəlif tərəflərlə əməkdaşlıq münasibətlərini qoruyur, digər tərəfdən isə Fələstin xalqına humanitar, siyasi və təhsil sahələrində real dəstək göstərən ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin iyulun 16-da Fələstinin baş naziri Məhəmməd Mustafa ilə keçirdiyi görüş də bu siyasətin növbəti təsdiqi kimi diqqət çəkir.

Görüşdə səsləndirilən mesajlar və müzakirə olunan istiqamətlər göstərir ki, Azərbaycan-Fələstin əməkdaşlığı artıq təkcə siyasi həmrəyliklə məhdudlaşmır, humanitar layihələrdən iqtisadi əməkdaşlığa qədər uzanan geniş tərəfdaşlıq modelinə çevrilir.

Bakı bu siyasəti hansı konkret addımlarla həyata keçirir və bu yanaşma ölkənin İslam dünyasındakı mövqeyinə necə təsir göstərir?

Deputat Azər Badamov Musavat.com-a bildirib ki, Azərbaycan atdığı bütün addımları beynəlxalq hüquq üzrə balanslı siyasətlə sinxronizə edir: “Bu istiqamətdə Azərbaycanın xarici siyasətində yeni bir cığır müəyyənləşib ki, bu da Yaxın Şərqdə müxtəlif tərəflərlə qurulan əməkdaşlıq münasibətləridir. Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan qazı Yaxın Şərqə ixrac edilir. Habelə digər aktorların da Azərbaycanın enerji resurslarına marağını görürük. Bu isə heç şübhəsiz ki, Azərbaycanın artan nüfuzundan, qurulacaq münasibətlərə verilən dəyərdən xəbər verir”.

Zəng edib mənimlə maraqlanmadılar - Azər Badamov Modern.az-a DANIŞDI |  Modern.az

A.Badamov xatırladıb ki, Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir: “Prezident çıxışlarında onu da vurğulayır ki, bu istiqamətdə ərəb dövlətləri birlik və həmrəylik nümayiş etdirməlidir. Fələstinin baş nazirinin Azərbaycana gəlməsi bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Deməli, bundan sonra Azərbaycanla Fələstin arasında münasibətlər daha da dərinləşdiriləcək”.

Deputat qeyd edib ki, Ramallah şəhərində Azərbaycanın təmsilçilik ofisinin açılması, Fələstinin səfirliyinin xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanması münasibətlərin göstəricisidir: “Münasibətləri dayanıqlı çərçivəyə gətirən məsələlərdən biri də fələstinli tələbələrin Azərbaycanda təhsil almasıdır. Şübhəsiz ki, bu məsələlərin özü də baş nazir tərəfindən yüksək qiymətləndirilərək prezidentə təşəkkür ifadə edildi. Həmçinin kənd təsərrüfatı münasibətlərin mərkəzinə gətirilir. Bu istiqamətdə Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi nəzərdən keçirilir.
Bütövlükdə müzakirə edilən məsələlər və münasibətlərin mövcud durumu ondan xəbər verir ki, siyasi istiqamətə əlavə olaraq humanitar layihələrin icra olunması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yeni bir modelə keçid deməkdir”.


Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR