İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda

207 16.07.2026 19:50 Media A A

Azərbaycanda dini mövzuların mediada təqdimatı, rəqəmsal platformalarda yayılan dezinformasiyanın yaratdığı risklər və informasiya təhlükəsizliyi məsələləri Qusar şəhərində keçirilən konfransda əsas müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunan "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətini əks etdirən "Azərbaycan – sülh və harmoniya məkanı" adlı videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində dini maarifləndirmə istiqamətində həyata keçirilən yeni layihələr də təqdim edilib. Onlardan biri olan "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində bu il ölkənin müxtəlif bölgələrində yerləşən 220 məscidin kitabxana ilə təmin olunması planlaşdırılır.

Tədbirdə, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni AMİN İnformasiya Sistemi təqdim olunub. Bildirilib ki, sistem Komitənin və tabeliyindəki qurumların fəaliyyətinin daha operativ, şəffaf və əlçatan idarə olunmasına xidmət edəcək.

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, AZƏRTAC İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov, Baku TV-nin direktoru Ramin Cəfərov, APA TV-nin baş direktoru Orxan Məmmədli, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı və "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov çıxış ediblər.

Konfransın əsas hissəsi iki panel müzakirəsinə həsr olunub. Birinci paneldə rəqəmsal mediada dini mövzular ətrafında informasiya manipulyasiyası və dezinformasiyanın yaratdığı təhlükələr, ikinci paneldə isə jurnalist peşəkarlığı, dini savadlılıq və mənəvi dəyərlərin qorunmasında medianın rolu müzakirə olunub.

Müzakirələrdə iştirakçılar həssas dini mövzuların cəmiyyətə dəqiq və məsuliyyətli şəkildə çatdırılmasının ictimai sabitlik baxımından əhəmiyyətini vurğulayıb, informasiya təhlükəsizliyi və dövlət-media əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Konfrans iyulun 17-də Quba rayonunda mediaturla davam edəcək. Proqrama Quba "Cümə" və "Səkinəxanım" məscidləri, "Dağ Yəhudiləri Muzeyi" və "Giləki" sinaqoquna səfərlər daxildir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR