İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə Şuşaya gedə bilməyən yazıçı Anardan Musavat.com-a özəl açıqlamalar

587 16.07.2026 20:11 Mədəniyyət A A

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir. Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, 16-18 iyul tarixlərində “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Poeziya bayramı iyulun 16-sı M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlayacaq, iyulun 17-si isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək. Poeziya günləri çərçivəsində geniş və zəngin tədbirlər planı nəzərdə tutulur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – “Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdiriləcək.

Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. Poeziya günlərində mühüm yeniliklər də olacaq, “Kitab dayanacağı” köşkünün istifadəyə verilməsi də nəzərdə tutulub. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb.

Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – “Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək. Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb. Eyni zamanda dahi siyasətçinin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı...

Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımız, həmçinin Şuşa şəhəri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma məkanda keçirilir.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid sosial şəbəkədəki paylaşımında bildirib ki, budəfəki Vaqif Poeziya Günlərində AYB-nin sədri, Xalq yazıçısı Anar iştirak edə bilməyəcək. AYB sədri Musavat.com-a müsahibəsində məlumatı təsdiqlədi. Fürsət düşmüşkən digər məsələlərlə bağlı suallarımızı ünvanladıq.

- Anar müəllim, Rəşad bəy bildirib ki, Şuşaya gedə bilməyəcəksiniz.

 - Hə, elədir, mən getmədim.

 - Səbəbini bilmək olarmı?

 - Həyat yoldaşım xəstədir, onu evdə tək qoya bilmirəm. Ona görə bu il Şuşadakı Poeziya Günlərində iştirak edə bilmədim.

 - Allah şəfa versin, Anar müəllim! Bildiyimə görə, siz indiyədək Şuşadakı bütün Vaqif Poeziya Günlərində iştirak etmisiniz, elədirmi?

- Bəli, torpaqlarımız işğaldan azadolunandan və bu tədbir bərpa olunandan sonra üç dəfə iştirak eləmişəm, bu dəfə, dördüncüdə gedə bilmədim.

 - Yəqin 1982-ci ildə keçirilən ilk tədbirə də qatılmısınız. Həmin günləri xatırlayırsınız?

 - Mən birincidə də iştirak eləmişəm, 1982-dən tədbirlərə qatılmışam. Ümumiyyətlə, Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi çox böyük hadisədir və Şuşada belə bir ədəbiyyat bayramının reallaşdırılması gözəl ənənədir.

 - Sirr deyilsə, bu dəfə sizin səlahiyyətlərinizi Şuşada kim icra eləyir?

- Ora katiblər də gedib. Həmçinin, onlardan başqa xalq şairləri də iştirak edəcəklər. Sabir Rüstəmxanlı, Vahid Əziz və digərləri də orada olacaq. Qeyd etdiyiniz kimi, Rəşad Məcid də ordadadır.

- Anar müəllim, yeri gəlmişkən, Sabir Rüstəmxanlının 80 illik yubileylərində sizi görmədim. Deyəsən, Sabir Rüstəmxanlının yubileyində xaricdə idiniz, eləmi?

 - Sabir Rüstəmxanlının yubileyi olan vaxt mən Qazaxıstanda idim, Oljasın (Süleymenovun-E.P.) yubileyinə getmişdim. Sabirin yubileyinə məmnuniyyətlə gedərdim. Amma Oljasın da yubileyi keçirilirdi. O da mənim dostumdur, həm də xəstədir, ona görə mən ora getdim. Sabir özü də anlayışla qarşıladı. Həm də onun yubileyi ilə bağlı “Ədəbiyyat” qəzetində məqalə yazdım, nəşr olundu. Həmişə ona böyük hörmətim var, o da bilir.

- Bu, yay günlərində yazı – yaradırsınız, yoxsa istirahətinizə fikir verirsiniz?

- Bəli, bəli, yazıram, işləyirəm.

- Maraqlıdır, hansı əsər üzərində işləyirsiniz?

- Roman üzərində işləyirəm. “525”- də hissə-hissə dərc olunur.

Elşad Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR