Qusar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans öz işini davam etdirir.
Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda dini maarifləndirmə, gənclərin asudə vaxtının təşkili və kadr təminatı ilə bağlı mövcud problemlərə toxunub.
İcra başçısı bildirib ki, Azərbaycanda idman, təhsil, mədəniyyət və dini maarifləndirmə istiqamətində dövlət tərəfindən ardıcıl layihələr həyata keçirilir. Bölgələrdə yeni idman kompleksləri tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, gənclərin sağlam və səmərəli fəaliyyətinə xidmət edən müxtəlif proqramlar reallaşdırılır.
Bununla yanaşı, o qeyd edib ki, görülən işlərə baxmayaraq, bəzi istiqamətlərdə gözlənilən nəticələr tam əldə olunmayıb. Bu isə ayrı-ayrı regionlarda mövcud problemlərin, xüsusilə də kadr çatışmazlığının hələ də aktuallığını qoruduğunu göstərir.
Sahir Məmmədxanovun sözlərinə görə, Qusar rayonunda dini sahədə əsas problemlərdən biri peşəkar ilahiyyatçı kadrların azlığıdır. O bildirib ki, rayonda fəaliyyət göstərən 29 məsciddən cəmi 7-8-i tam şəkildə fəaliyyət göstərə bilir. Digər məscidlərdə isə dini təhsilli imam və din xadimlərinin çatışmazlığı səbəbindən fəaliyyət istənilən səviyyədə qurula bilmir.
İcra başçısı vurğulayıb ki, Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması dini təhsil sahəsində mühüm addım olsa da, bölgələrdə bu sahə üzrə mütəxəssislərə ehtiyac hələ də yüksək olaraq qalır. Onun sözlərinə görə, bəzi kəndlərdə hətta cümə namazlarının qılınması üçün imam tapmaqda çətinlik yaşanır.
Problemin həlli üçün rayon icra hakimiyyəti ilə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edən Sahir Məmmədxanov bildirib ki, dini maarifləndirmə istiqamətində təbliğat işi gücləndirilməli, daxili imkanlar səfərbər olunaraq ilahiyyatçıların bölgələrdə fəaliyyətə cəlb edilməsi təşviq edilməlidir.
İcra başçısı hesab edir ki, dini maarifləndirmənin gücləndirilməsi, peşəkar din xadimlərinin bölgələrdə fəaliyyətinin genişləndirilməsi və gənclərlə sistemli iş aparılması dini sabitliyin qorunmasına, eləcə də cəmiyyətin sağlam inkişafına mühüm töhfə verəcək.
E.Məmmədəliyev,
Musavat.com






