İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzüm dənəsi boyda radioaktiv kapsul – SSRİ dövründə bir mənzili kiçik Çernobıla döndərib

1712 16.07.2026 19:32 Yaxın tarix A A

1970-ci illərin sonlarında Donetsk vilayətində yerləşən Karan karxanasında tikinti üçün əsas materiallardan biri olan çınqıl və qırmadaş hasil edilirdi. Bu materiallar SSRİ-nin şəhərlərinin tikildiyi betonun əsas tərkib hissələrindən sayılırdı. Karxanada aparılan işlər genişmiqyaslı tikinti layihələrinin təmin olunmasında mühüm rol oynayırdı.

Karxanada işçilər bunkerə nə qədər çınqıl yükləndiyini ölçmək üçün səviyyəölçən cihazlardan istifadə edirdilər. Həmin cihazların isə daxilində radioaktiv maddə olan kapsullar quraşdırılıb. Bu, sezium-137 ilə təchiz edilmiş İQİ-Ç-4 tipli kapsuldur. Onun ölçüsü çox kiçikdir - cəmi 8x12 millimetrdir, lakin təsiri olduqca güclüdür. Onun aktivliyi 5,2 küri təşkil edir. Bu, çox böyük göstərici hesab edilirdi. Sanki kiçik ölçülü, cibə yerləşən Çernobıl AES kimidir.

9a52c944-7550-4553-bf9a-d2032510d95c.jpeg (236 KB)

İşçilərin səriştəsizliyi nəticəsində bu kapsul cihazdan düşür. Bunun necə baş verdiyi isə tarix üçün naməlum olaraq qalır. Ola bilsin, bərkidici hissə boşalıb, ola bilsin, kimsə “içəridə nə var?” deyə baxmaq istəyib və onu yerə salıb. Amma fakt ondan ibarətdir ki, üzüm dənəsi ölçüsündə olan, ölümcül təhlükəli şüalanma mənbəyi çınqıl yığınının içinə düşüb.

Onun axtarışı üçün heç bir iş görülməyib. Planı yerinə yetirmək lazım idi, tikinti gözləmirdi. Məsələ bağlanıb, unudulub və işə davam etdirilib. Bu arada isə həmin radioaktiv “qatil” çınqıl dəmir-beton məmulatları zavoduna yola düşüb. 1980-ci ildə Kramatorsk şəhərində Qvardiyaçılar-Kantemirovçular küçəsində (hazırda bu küçə Mariya Primıçenko küçəsi adlanır) yeni, doqquzmərtəbəli bina istifadəyə verilir - 7 nömrəli ev. Həmin dövrdə mənzil almaq insan həyatında ən mühüm hadisələrdən biri hesab olunurdu.

5e567ab2-76a2-4250-b7e1-b35ab48bd885.jpeg (29 KB)

Heç kim şübhələnmir ki, divarlardan birinin içində, birbaşa betonun arasında həmin İQİ-Ç-4 kapsulu var. O, betonqarışdırıcıdan, qəlibləmə prosesindən və qurudulmadan keçərək, çörəyin içindəki kişmiş kimi, mənzillər arasında divara çevrilən panelin içində donub qalıb. Həmin divar isə 85 və 52 nömrəli mənzilləri bir-birindən ayırırdı. 85 nömrəli mənzilə bir ailə köçür. Yeniyetmə qız, oğlan, ana və ata. Qızın çarpayısını isə həmin divarın tam qarşısına, kapsulun yerləşdiyi yerə yaxın qoyurlar. Bundan sonra dəhşət başlayır.

“Lənətlənmiş” mənzil

1981-ci ildə, mənzilə köçdükdən cəmi bir il sonra 85 nömrəli mənzildə 18 yaşlı qız dünyasını dəyişir. Diaqnoz - leykoz (qan xərçəngi). Bir il sonra, 1982-ci ildə onun 16 yaşlı qardaşı da dünyasını dəyişir. Səbəb yenə də leykoz olur. Uşaqların ardınca onların anası da vəfat edir. Diaqnoz dəyişmir. Qonşular lənət, cadu və göz dəyməsi haqqında pıçıldaşmağa başlayırlar. Lakin SSRİ-də tibb materialist elm hesab olunurdu. Həkimlər eyni ailədə eyni diaqnozların təkrarlanmasını görərək “məntiqli” nəticəyə gəlirlər: pis irsiyyət. Nəticədə mənzil boşalır. Həmin dövrdə belə hallarda olduğu kimi, mənzilə yeni ailə üçün order verilir. Onlar sevinir, köçür, təmir işləri aparırlar.

3aa78f18-cac6-45a6-8c19-24a5902fd61d.jpeg (200 KB)

Lakin hadisələr yenidən təkrarlanmağa başlayır. 1987-ci ildə yeni sakinlərin yeniyetmə oğlu dünyasını dəyişir. Səbəb yenə leykoz olur. Onun kiçik qardaşı isə ağır vəziyyətdə reanimasiyaya düşür. Ata ailəsində baş verənlərin əvvəlki sakinlərin yaşadıqları hadisələrlə eyni ssenari üzrə getdiyini görəndə “irsiyyət” haqqında deyilənləri rədd edir. O, sanitar-epidemioloji stansiyaya gedir və mənzilin yoxlanılmasını tələb edir. 1989-cu ildə mənzilə radiometr cihazları ilə təchiz olunmuş mütəxəssislər gəlir. Cihazları işə salırlar və heyrətə düşürlər. Mənzildəki radiasiya fonu təbii göstəricidən minlərlə dəfə yüksək idi. Lakin ən dəhşətli məqam cihazı uşaq otağındakı divar boyunca hərəkət etdirməyə başlayanda üzə çıxdı. Uşaqların çarpayılarının yerləşdiyi həmin divarın müəyyən bir nöqtəsində cihaz dəhşətli siqnal verməyə başladı və həddindən artıq yüksək göstəricilər nümayiş etdirirdi.

Müxtəlif məlumatlara görə, divara çox yaxın məsafədə şüalanma gücü saatda 200 rentgenə çatırdı (digər məlumatlarda isə ildə 1800 R göstərilir ki, bu da olduqca böyük göstəricidir, xüsusilə nəzərə alsaq ki, norma mikrorentgenlərlə ölçülür). İnsan üçün ölümcül doza bir anda qəbul edilən təxminən 400–500 rentgen hesab olunur. Yəni həmin yerə başı tərəf uzanaraq cəmi bir neçə saat yatmaq kəskin şüa xəstəliyinə səbəb ola bilərdi.

1acb0afe-f277-4001-91ac-cfe4c6e5c9cc.jpeg (118 KB)

Sezium-137 olan kapsuldan yayılan qamma şüalanması betonu, divardakı xalçanı və yatmış uşaqların bədənlərindən keçirdi. Yeri gəlmişkən, qonşu mənzildə yaşayanlar da bu şüalanmanın təsirinə məruz qalmışdılar, lakin daha az dərəcədə. Buna səbəb betonun müəyyən qədər qoruyucu rolunu oynaması və çarpayıların fərqli şəkildə yerləşdirilməsi idi.

Sezium-137 beta və qamma şüalanması yayan, yarımparçalanma dövrü 30 il olan radioaktiv izotopdur. Bu o deməkdir ki, kapsul divarda qaldığı 9 il ərzində onun aktivliyi cüzi dərəcədə azalıb. O, hələ onilliklər ərzində şüalanma yaymağa davam edə bilərdi. Qamma kvantları insan orqanizmindən keçərkən DNT molekullarındakı rabitələri qırır və xromosomları zədələyir. Əgər belə zədələnmə birdəfəlik baş verərsə, orqanizm bəzi hallarda onları bərpa edə bilər. Lakin mənzilin sakinləri xroniki şüalanmaya məruz qalırdılar. Nəticədə isə kəskin mieloblast leykoz inkişaf edirdi.

4023a5ae-0afe-4225-b68b-603dac08abda.jpeg (229 KB)

Şüalanma yayan divar hissəsi kəsilərək Kiyev Nüvə Tədqiqatları İnstitutuna aparılıb. Bundan sonra binadakı radiasiya fonu dərhal normal səviyyəyə düşdü. İnstitutda kəsilib gətirilmiş beton plitə hissəsi diqqətlə parçalandı və həmin İQİ-Ç-4 kapsulu çıxarılıb. Onun üzərində hətta zavod nömrəsi də qorunub saxlanmışdı. Məhz həmin nömrə vasitəsilə hadisələrin bütün ardıcıllığını — karxanadan başlayaraq mənzilə qədər olan yolu bərpa etmək mümkün olub. Hadisə nəticəsində rəsmi olaraq 4 nəfərin öldüyü təsdiqlənib. Daha 17 nəfər isə radiasiya şüalanmasının təsirinə məruz qalan zərərçəkmişlər kimi tanınıb və onlara əlillik təyin olunub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR