İrandan Küveytə PUA zərbəsi: ABŞ hədəfləri vuruldu, güclü partlayışlar baş verdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi hədəflərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirdiyini bəyan edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, zərbələrdən sonra hədəf alınan ərazilərdə güclü yanğın başlayıb, Küveytin müxtəlif bölgələrində ard-arda güclü partlayış səsləri eşidilib.
ABŞ hərbi bazaları və strateji obyektlər hədəfdə
İran tərəfinin yaydığı məlumata görə, hücum zamanı Küveytdəki ABŞ-a məxsus hərbi infrastruktur hədəf alınıb:
Əli Əl-Salem aviabazasında yerləşən "C-RAM" erkən xəbərdarlıq radar sistemi, ABŞ hərbçilərinin toplanma məntəqəsi və "Patriot" hava hücumundan müdafiə sistemləri vurulub.
Əhməd Əl-Cabir aviabazasındakı strateji "FPS" radar sistemi sıradan çıxarılıb.
Həmçinin Küveytin Mina Abdullah neft emalı zavoduna da zərbələr endirildiyi bildirilir.
Küveyt ordusu hava hücumundan müdafiə sistemlərini işə saldı
Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan "düşmən hədəflərə" qarşı hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini təsdiqləyib. Küveyt rəsmiləri ölkədə eşidilən partlayış səslərinin PUA-ların vurulması (intersept) əməliyyatları ilə bağlı olduğunu açıqlayıblar. Hadisə nəticəsində ciddi dağıntıların qeydə alındığı, yanğının söndürülməsinə ordu və Milli Qvardiya qüvvələrinin cəlb edildiyi bildirilir.
SEPAH bu zərbələrin ABŞ-ın İrana məxsus dəniz və sahil hərbi bazalarına endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini bəyan edib.
***
ABŞ ilə İran arasında hərbi gərginlik yeni mərhələyə keçib.
Musavat.com xəbər verir ki, İran mənbələri Küveytdə yerləşən ABŞ hərbi obyektindəki radar sisteminə hücum edildiyini açıqlayıb.
Bildirilir ki, hədəflər arasında ABŞ qüvvələrinin istifadə etdiyi radar və hava hücumundan müdafiə infrastrukturu da var.
Musavat.com






