Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın çevrəsi ilə əlaqələndirilən şəxs Rusiyada Almaniya vətəndaşlarından ibarət yeni hərbi bölmə yaratmaq planını açıqlayıb. O, gələcək batalyonun təqdimatında Vermaxt və SS tərəfindən istifadə olunmuş şüarlardan yararlanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının üzvü Noa Kriqer Rusiyada "Kriqer" adlı batalyon yaradacağını bildirib. Onun sözlərinə görə, bölmə əsasən pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparacaq.
Kriqer "Instagram" hesabında yayımladığı videoda Almaniya vətəndaşlarını Rusiyaya gəlməyə çağıraraq, batalyonun "Alman dəyərlərini qoruyacağını" iddia edib. O bildirib ki, bölmədə "narkotik istifadəçilərinə və homoseksuallara yer olmayacaq", dini mənsubiyyət, milliyyət və siyasi baxış isə əhəmiyyət daşımayacaq.
Diqqət çəkən məqamlardan biri də Kriqerin paylaşımlarında "Gott mit uns" ("Tanrı bizimlədir") və "Meine Ehre heißt Treue" ("Mənim şərəfim sədaqətdir") şüarlarından istifadə etməsidir. Birinci şüar Prussiya ordusunun, sonradan isə Almaniya ordusunun istifadə etdiyi deviz olub, ikinci ifadə isə SS qoşunlarının rəsmi şüarı kimi tanınır.
Bir neçə gün əvvəl Kriqer Rusiyanın "Döyüş şücaətinə görə" medalı ilə təltif olunduğunu göstərən foto da paylaşıb. Sənədə əsasən, o, 2026-cı il 1 iyul tarixli əmrlə "Şturm" dəstəsinin komandiri tərəfindən mükafatlandırılıb.
Araşdırmalara görə, Noa Kriqer əslində Çeçenistanda doğulmuş Murad Dadayevdir. Jurnalistlərin məlumatına əsasən, o, Çeçenistana səfəri zamanı Ramzan Kadırov və digər yerli rəsmilərlə görüşüb, vitse-premyer Əhməd Dudayevə üzərində svastika olan Lüftvaffe xəncəri hədiyyə edib. Bundan sonra AfD-nin Aşağı Saksoniya təşkilatı onun partiyadan xaric edilməsi proseduruna başlayıb.
Musavat.com






