İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən sensasion açıqlama: Zelenski ilə Putinin görüşü Türkiyədə keçirilə bilər - VİDEO

485 17.07.2026 00:32 Dünya A A

Ukrayna ilə Rusiya arasında mümkün yüksək səviyyəli danışıqların keçiriləcəyi məkanla bağlı yeni açıqlama verilib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Prezident Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında ehtimal olunan görüşün Türkiyədə baş tuta biləcəyini istisna etməyib.

Musavat.com xəbər verir ki, nazir bu barədə açıqlamasında Ankaranın son illərdə beynəlxalq diplomatiyanın əsas mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.

Sibiqanın sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində yaradılmış “taxıl dəhlizi” mexanizminin formalaşmasında mühüm rol oynayıb və bununla da mürəkkəb böhranlarda etibarlı vasitəçi ola bildiyini nümayiş etdirib.

Nazir bildirib ki, məhz bu təcrübə nəzərə alınaraq Ankara dövlət başçılarının mümkün görüşü üçün ən münasib platformalardan biri hesab olunur.

“Ankara haqlı olaraq dünyanın aparıcı diplomatik mərkəzlərindən biri sayılır. Münaqişənin əvvəlində “taxıl dəhlizi”nin yaradılmasına verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu, Türkiyənin səmərəli vasitəçi kimi çıxış edə bildiyini açıq şəkildə göstərdi. Buna görə də Ankara dövlət başçılarının potensial görüşü üçün ən uyğun məkanlardan biridir. Biz bu imkanı maraqla nəzərdən keçiririk və Türkiyə tərəfinin belə məsuliyyətli təşkilati missiyanı öz üzərinə götürməyə hazır olmasına görə minnətdarıq”, – deyə Sibiqa bildirib.

Qeyd edək ki, Türkiyə müharibənin başlanmasından bəri həm Moskva, həm də Kiyevlə dialoqu davam etdirən azsaylı ölkələrdən biridir. 2022-ci ildə İstanbulda keçirilən birbaşa Rusiya-Ukrayna danışıqları, eləcə də BMT ilə birlikdə reallaşdırılan Qara dəniz “taxıl dəhlizi” sazişi Ankaranın vasitəçilik imkanlarını beynəlxalq səviyyədə ön plana çıxarmışdı.

Hazırda Zelenski ilə Putinin mümkün birbaşa görüşünün vaxtı və formatı ilə bağlı rəsmi razılaşma yoxdur. Bununla belə, Ukrayna xarici işlər nazirinin açıqlaması Ankaranın belə bir görüş üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirildiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR