Ukrayna Volın faciəsi ilə bağlı tarixi əhəmiyyət daşıyan qərarlar qəbul edib.
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Polşa istiqamətində siyasətlə bağlı keçirdiyi müşavirədən sonra ölkəsinin Volında XX əsrdə baş vermiş faciəli hadisələrə dair arxivləri açacağını açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin Volın faciəsi ilə bağlı bütün arxiv materialları ictimaiyyət üçün əlçatan olacaq.
Bununla yanaşı, Polşa tərəfinə axtarış və ekshumasiya işlərinin aparılması üçün verilən icazələrin sayı əhəmiyyətli dərəcədə artırılacaq. Həmçinin Ukrayna və Polşa bu istiqamətdə birgə fəaliyyət imkanlarını genişləndirəcəklər.
Müşavirənin yekununda Zelenski Polşaya Ukraynaya tammiqyaslı müharibənin ilk günlərindən göstərdiyi dəstəyə görə təşəkkür edib.
O bildirib ki, Ukraynanın müstəqilliyinin qorunması Polşanın müstəqilliyinin də möhkəmlənməsi deməkdir və Avropanın təhlükəsizlik problemləri yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər.
Musavat.com






