İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Rusiya arasında meyvə müharibəsi!

1855 17.07.2026 02:38 Dünya A A

Rusiya Türkiyədən gətirilən çəyirdəkli meyvələrin idxalına məhdudiyyətlər tətbiq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rosselxoznadzor qurumu cümə axşamı məlumat yayıb.

Qurumun açıqlamasına görə, Türkiyənin beş müəssisəsinin istehsal etdiyi ərik, gilas, albalı, şaftalı və nektarinin Rusiyaya idxalı qadağan edilir.

Rosselxoznadzor bildirib ki, qərar Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün karantin təhlükəsi yaradan orqanizmlərin çəyirdəkli meyvələrdə sistemli şəkildə aşkarlanması səbəbindən qəbul olunub. Lakin qurum məhsullarda konkret hansı zərərli orqanizmlərin aşkar edildiyini açıqlamayıb.

Rosselxoznadzor bu qərarı Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi görüşdən cəmi bir neçə saat sonra elan edib.

Görüşün yekununda Hakan Fidan bildirib ki, Türkiyə Ukraynaya təhlükəsizlik təminatları sisteminə qoşulmağa hazırdır və NATO üzrə müttəfiqləri ilə birlikdə bu təminatların dəniz komponentinə rəhbərlik etməyə hazırdır.

"Müharibənin Qara dənizə yayılmasını istəmirik. Qara dənizdə limanların, tanker və balıqçı gəmilərinin atəşə tutulması, mülki insanların həyatının təhlükə altına düşməsi yolverilməzdir", – deyə Fidan bildirib.

O, həmçinin vurğulayıb ki, Ankara Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir və Krımın qanunsuz ilhaqı ilə bağlı dəyişməz mövqeyini bir daha təsdiqləyir.

Hazırda Türkiyə Rusiyaya çəyirdəkli meyvələrin ən böyük ixracatçısı olmasa da, bu məhsulların əsas təchizatçıları sırasında yer alır. Ötən il Rusiyaya çəyirdəkli meyvələrin ən böyük ixracatçısı Özbəkistan olub və bu ölkədən 180 min ton məhsul göndərilib. İkinci yerdə Azərbaycan qərarlaşıb – 111 min ton, üçüncü yerdə isə Ermənistan olub – 64 min ton.

Bununla yanaşı, Türkiyə Rusiyaya sitrus meyvələrinin ən böyük təchizatçısıdır. Ötən il bu ölkədən Rusiyaya 599 min ton sitrus meyvəsi ixrac edilib.

Türkiyə, həmçinin qarpız və yemiş tədarükünə görə də Rusiyanın ikinci ən böyük təchizatçısıdır. Bu məhsulların ixracı 16 min ton təşkil edib. Birinci yerdə isə 335 min ton göstərici ilə Özbəkistan qərarlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR