İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) "Sadiq vəd 4” əməliyyatının 90-cı dalğasının üçüncü mərhələsi ilə bağlı yazılı açıqlama yayıb.
Musavat.com xəbər verir ki, açıqlamada bildirilib ki, ABŞ və İsrail döyüş meydanında uğursuz olub və bu qüvvələr nə Hörmüz boğazına yaxınlaşa bilib, nə də quru əməliyyatı təhdidini reallaşdıra bilib.
SEPAH qeyd edib: “Dünən xəbərdarlıq etmişdik ki, sui-qəsdlər təkrarlanarsa, bu əməliyyatların izlənməsi və yönləndirilməsində əsas rol oynayan ABŞ-ın informasiya texnologiyaları və süni intellekt casusluq şirkətləri hədəfə alınacaq. Görünür, Ağ Evdəki rəhbərlik bu xəbərdarlığı eşitmədi. Biz də ‘Gerçək Vaad’ sözümüzə sadiq qalaraq ABŞ və sionist rejimə məxsus hava qüvvələrinə bağlı yeddi hava bazasına hücum etdik.”
Amazonun məlumat mərkəzi hədəf alınıb
Açıqlamada ABŞ şirkətlərindən Amazonun da hədəf alındığı bildirilib:
“ABŞ terrorçuları üçün ‘kabus gecəsi’ kimi qiymətləndirilən hücumların ilk mərhələsində Bəhreyndə yerləşən Amazon-a məxsus məlumat mərkəzinə zərbə endirilib və bu mərkəz məhv edilib. Şirkətin öz açıqlamasına görə, bölgədən çıxma prosesi başlayıb. Bu cavab, xəbərdarlıqlara məhəl qoymayan düşmənə ilk konkret mesajdır. Əgər sui-qəsdlər davam edərsə, daha əvvəl elan etdiyimiz digər şirkətlər daha sərt şəkildə cəzalandırılacaq. Bu şirkətlərin bölgədə tamamilə məhv edilməsinin məsuliyyəti birbaşa ABŞ prezidentinin üzərinə düşəcək.”
İran əvvəlcədən xəbərdarlıq etmişdi
SEPAH daha əvvəl də ABŞ və İsraillə əlaqəli olduğu və İranda həyata keçirilən hücumlar və sui-qəsdlərdə rol oynadığı iddia edilən bəzi qlobal şirkətlərin çərşənbə günündən etibarən hədəf alınacağı barədə xəbərdarlıq etmişdi.
Həmin şirkətlərin siyahısı:
- Cisco
- HP
- Intel
- Oracle
- Microsoft
- Apple
- Meta
- IBM
- Dell
- Planter
- Nvidia
- J.P. Morgan
- Tesla
- GE
- Spire Solutions
- G42
- Boeing
Könül
Musavat.com






