Yaxın Şərq sürətlə təhlükəli mərhələyə qədəm qoyur. İran ətrafında artan hərbi-siyasi gərginlik, ABŞ-ın ziddiyyətli siqnalları və Tehranın daxilində baş verən proseslər regionu genişmiqyaslı qarşıdurma riskinə yaxınlaşdırır.
Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuzun fikrincə, hazırda İran öz siyasi gələcəyi ilə bərabər Asiya-Yaxın Şərq geosiyasətinin taleyini müəyyən edəcək həlledici sınaq qarşısındadır.
Donald Trampın etiraz aksiyaları zamanı həbs olunanların edam edilməyəcəyinə dair İran rəsmilərinin Vaşinqtona zəmanət verdiyini açıqlaması əvvəlcə Tehran-Vaşinqton xəttində dinc razılaşma ehtimalı yaratmışdı. Lakin ardınca yayılan məlumatlar bu ümidləri puça çıxardı. ABŞ-ın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və ona bağlı donanmanı bölgəyə yönəltməsi, digər hərbi gəmilərin Hind okeanına doğru hərəkətə keçməsi Vaşinqtonun artıq hərbi-siyasi təzyiq mərhələsinə keçdiyini göstərir.
Eyni zamanda İranda islahatçı düşərgənin simaları olan sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif və eks-prezident Həsən Ruhani üzərində təzyiqlərin artması, hətta onların gözaltına alınması xəbərləri Tehranın ABŞ-la kompromis yolunu bağladığını deməyə əsas verir.![]()
Heydər Oğuz hesab edir ki, bu addımlar İran rəhbərliyinin artıq qarşıdurmanın qaçılmaz olduğunu düşündüyünü göstərir.
Daha narahatedici məqam isə ABŞ siyasi dairələrinin sürgündəki vəliəhd şahzadə Rza Pəhləvi ilə artan təmaslarıdır. Trampın müşaviri Vitkoffdan sonra respublikaçı senator Lindsi Qrahamın da Pəhləvi ilə görüşməsi Vaşinqtonun bu kart üzərində ciddi dayandığını nümayiş etdirir. Şərhçiyə görə, məhz bu məqam İranda dinc dəyişimin istənilmədiyinin ən açıq göstəricisidir. Çünki fars şovinist xəttini təmsil edən Pəhləvi sülaləsinin geri dönüşü ölkədəki kürdlər, bəluclar, ərəblər və digər etnik qruplar üçün qəbuledilməzdir. Bu isə İranı istər-istəməz etnik qarşıdurmalar və parçalanma ssenarisi ilə üz-üzə qoyur.
Artıq bu cür təhlükəli siqnallar İrandan gəlməkdədir. Kirmanşah əyalətində kürd silahlı qruplarının SEPAH-a məxsus hərbi bazanı ələ keçirdiyi iddiaları ölkədaxili gərginliyin nə qədər dərinləşdiyini göstərir.
Heydər Oğuz bildirir ki, İranın parçalanması təkcə bu ölkə üçün deyil, bütün region üçün ciddi təhlükədir. Bəlucistanın İran, Pakistan və Əfqanistan arasında bölünməsi, kürd separatizminin Türkiyə, İraq və Suriyaya yayılma riski Yaxın Şərqi böyük bir alov çəmbərinə çevirə bilər.
Üstəlik, İranın əsas təbii sərvətləri məhz potensial etnik qarşıdurma zonalarında – Xuzistan və Bəlucistanda cəmləşib. Şərhçiyə görə, ABŞ-ın əsas məqsədi təkcə bu resurslara nəzarət deyil. Daha strateji hədəf Çini enerji bazalarından və alternativ keçid marşrutlarından məhrum etməkdir. Vaşinqton Birinci Adalar silsiləsi strategiyası ilə Pekinin Sakit okeana çıxışını məhdudlaşdırdığı kimi, indi də İran və Pakistan xətti üzərindən qurulan “Bir Kəmər, Bir Yol” dəhlizini sıradan çıxarmağa çalışır.
Bu kontekstdə Zəngəzur dəhlizində ABŞ-ın artan fəallığı da təsadüfi deyil. Həm Orta, həm də Cənub dəhlizinin Türkiyədən keçməsi Vaşinqtonu bu marşrutlara “lövbər salmağa” vadar edir. Məqsəd lazım olan anda Çinin quru və yarı-dəniz yollarını nəzarət altına almaqdır.
Heydər Oğuzun qənaətincə, ABŞ artıq Hörmüz boğazına əvvəlki kimi ehtiyac duymur. Çünki öz enerji tələbatını daxili hasilatla qarşılayır. Amma bu boğazın Çin kimi rəqiblər üçün açıq qalmasına da razı deyil. İranın destabilizasiyası bu baxımdan qlobal rəqabətin bir hissəsidir.
Siyasi şərhçi hesab edir ki, qarşıdakı dövrdə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və digər region ölkələri bu təhlükəli ssenariyə laqeyd qala bilməyəcək. Onlar ya vahid təhlükəsizlik mexanizmi yaratmalı, ya da Yaxın Şərqin uzunmüddətli xaosa sürüklənməsini qəbul etməli olacaqlar. Bunun üçün isə həm İran mollakratiyasının, həm də regiondakı digər məzhəbçi siyasi xətlərin onilliklərdir davam edən siyasətlərindən imtina etməsi zəruridir. Əks halda, İranın taleyi bütün regionun taleyinə çevrilə bilər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






